İlin birinci yarısında ölkədə 250 km uzunluğunda yol çəkilib


Digərləri 10 İyl 2018 08:38:00 325 0

İlin birinci yarısında ölkədə 250 km uzunluğunda yol çəkilib

Cari ilin birinci yarısında xüsusi əhəmiyyətli infrastruktur layihələrini nəzərdə tutan dövlət investisiya proqramı 47 faiz icra edilib.

Son.az bildirir ki, bunu Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bu dövrdə ayrılmış vəsait hesabına paytaxtda və regionlarda 200 min nəfər əhalinin yaşadığı 91 yaşayış məntəqəsini əhatə edən uzunluğu 250 kilometr olan 17 qəsəbə və kəndlərarası yollar tikilərək istifadəyə verilib.

Onun sözlərinə görə, ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması məqsədilə 42 rayonun 83 yaşayış məntəqəsinin qazlaşdırılması davam etdirilib, 29 yaşayış məntəqəsində işlər başa çatdırılıb.

Şahin Mustafayev qeyd edib ki, şəhər və kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması çərçivəsində Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Şərur rayonu üzrə birinci mərhələ, Mingəçevir, Xızı şəhərlərinin və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemi, Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemi istifadəyə verilib.

"Hesabat dövründə sosial layihələrin icrası davam etdirilib, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial infrastruktur obyektləri istifadəyə verilib. Mingəçevir "ASAN xidmət" Mərkəzinin açılışı olub, bu ilin sonunadək Şəki və İmişli "ASAN həyat" komplekslərinin tikintisi başa çatdırılacaq", - deyə nazir əlavə edib.