Azərbaycan Prezidenti: "Neft-qaz sahəsində görülmüş bütün işlər ən yüksək qiymətə layiqdir"


İqtisadiyyat 10 İyl 2018 01:40:04 361 0

Azərbaycan Prezidenti: "Neft-qaz sahəsində görülmüş bütün işlər ən yüksək qiymətə layiqdir"

"Bu il neft-qaz sahəsində görülmüş işlər tarixi əhəmiyyət daşıyır"

"Bu il neft-qaz sahəsində görülmüş işlər tarixi əhəmiyyət daşıyır. Həm Cənub Qaz Dəhlizinin, həm TANAP layihəsinin istifadəyə verilməsi tarixi hadisələrdir. Bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir".

“Report” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Deyə bilərəm ki, TANAP layihəsi əvvəlcə nəzərdə tutulmuş, qoyulan sərmayədən daha ucuz başa gəldi. Biz TANAP layihəsinə başlayanda onun maliyyəsi 11 milyard dollardan çox səviyyəsində nəzərdə tutulmuşdu. TANAP layihəsi 8 milyard dollara başa gəlib. Yəni, bu, onu göstərir ki, Azərbaycan bu işlərə gör nə qədər məsuliyyətli yanaşır. Biz hər bir dollara, hər bir qəpiyə nəzarət edirik ki, bu böyük layihəni az xərclə icra edək. Görün biz burada nə qədər qənaət etdik", - deyə dövlət başçısı bildirib.

Prezident SOCAR-ın bu yaxınlarda yeni kontraktlar imzaladığını xatırladıb:

"Yeni kontraktların imzalanması nəzərdə tutulur. Yəni, bizim neft-qaz sektorumuza maraq azalmır, artır. Çünki Azərbaycan çox sabit və çox güclü ölkədir. İndi bizim bütün neft infrastrukturumuz var. Biz 1994-cü ildə “Əsrin kontraktı”nı imzalayanda heç bir ixrac kəmərimiz yox idi. Bakı-Novorossiysk kəməri də sıradan çıxmışdı. Çox böyük vəsait qoyulmuşdur. Bu gün bizim Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələrimiz var. TAP layihəsi icra edilir. Əlbəttə, bütün bu infrastrukturu biz yaratmışıq. Əlbəttə, xarici şirkətlər Azərbaycanda bu sahəyə daha böyük maraqla vəsait qoyacaqlar və qoyurlar.

Hesab edirəm ki, neft-qaz sahəsində görülmüş bütün işlər ən yüksək qiymətə layiqdir. Bu sahənin bu ilin sonuna qədər inkişafı ilə bağlı mənim hər hansı bir xüsusi tapşırığım yoxdur. Hər şey qrafik üzrə gedir".