Ərdoğanın yeni müddətə prezidentliyə başlaması münasibətilə rəsmi ziyafət keçirilib


Siyasət 09 İyl 2018 21:00:33 265 0

Ərdoğanın yeni müddətə prezidentliyə başlaması münasibətilə rəsmi ziyafət keçirilib

Azərbaycanın Baş naziri Novruz Məmmədov ziyafətdə iştirak edib

İyulun 9-da Rəcəb Tayyib Ərdoğanın prezidentlik fəaliyyətinin yeni dönəminin başlaması münasibətilə Türkiyənin paytaxtı Ankarada rəsmi ziyafət keçirilib.

"Report" xəbər verir ki, ziyafətdə Azərbaycanı Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Rəsmi ziyafətin keçirildiyi Beştəpədəki Prezident Administrasiyasının qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.

Toplardan yaylım atəşi açıldı.

Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi ziyafətdə çıxış etdi.

Ziyafətdə 22 prezident, 28 baş nazir və parlament sədri, 6 beynəlxalq təşkilatın rəhbərləri də daxil olmaqla 6 min nəfər dəvətli şəxs iştirak edib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan dövlət başçısı kimi iyulun 9-da Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib.

Bununla da Türkiyədə prezident üsul-idarəli hökumət rəsmən fəaliyyətə başlayıb.

Türkiyə Böyük Millət Məclisinə gələrkən Prezident Rəcəb Tayyib Ərdoğanı vətəndaşlar böyük coşqu ilə qarsalayıblar.

Andiçmə mərasimindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbiri ziyarət edib.

Xatırladaq ki, Türkiyə Ali Seçki Komissiyasının seçkilərin yekunu ilə bağlı rəsmi məlumatına görə, ölkə üzrə təxminən 60 milyon seçicinin 26 milyon 330 min 823 nəfəri Rəcəb Tayyib Ərdoğana səs verib.