"İrəli"də "Marş, irəli!" başa çatdı


Digərləri 09 İyl 2018 19:02:00 232 0

"İrəli"də "Marş, irəli!" başa çatdı

"İrəli" İctimai Birliyi tərəfindən Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhu ilə yetişməsi məqsədi ilə keçirilən "Marş, İrəli!" layihəsi başa çatıb.

Təşkilatdan Son.az-a verilən məlumata görə, layihənin Ağdam rayonunda keçirilən bağlanış mərasimində "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, "İrəli" İB-nin işçi heyəti və layihə iştirakçıları N saylı hərbi hissəyə, həmçinin ön cəbhədə yerləşən postları ziyarət edərək Vətənimizin keşiyində, əllərində silah səngərdə dayanıb hər bir qarış torpağımız üçün canlarından keçə biləcək mərd oğullarımızla görüşüblər.

"İrəli" İB-nin sədri Mirhəsən Seyidov əsgər və komandir heyətini salamlayaraq bildirib: "Məlumdur ki, çox şərəfli peşənin sahibləri olan siz, vətənimizin keşiyində daim, gecə-gündüz növbədəsiniz. Düşmənlə üz-üzə ərazi bütövlüyümüzü qorumaq üçün əlinizdə silah səngərdə dayanmısınız. Qarlı qış, isti yay demədən şərəfli forma əyninizdə, silah belinizdə vətənimizi qoruyursunuz. Günü-gündən sürətlə inkişafda olan Azərbaycanın ordusunu bu cür şəxsi heyətinin olması məni bir vətəndaş olaraq sevindirir. Gənclərdə vətənpərvərliyin yüksək səviyyədə olduğunu görmək qürurverici hisdir. Təbii ki, Azərbaycan ordusunun ən son standartlara cavab verən texnikası var və bu günlərdə bir daha şahidi və əmin oldum ki, o texnikanı idarə edən əsgər və komandirləri də mövcuddur. İnanıram ki, çox yaxın zamanda biz belə təlimləri Cıdır düzündə təşkil edəcəyik. Üçrəngli, şanlı bayrağımız Şuşamızda, Laçınımızda və işğal altındakı digər ərazilərimizdə dalğalanacaq. Axıdılan qan yerdə qalmayacaq, minlərlə şəhidimizin qisası tez bir zamanda alınacaq. Bilirəm ki, hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin bir əmrini gözləyirik. İstər sülh, istərsə də müharibə yolu ilə biz torpaqlarımızı mütləq azad edəcəyik. Ümid edirəm ki, biz də təşkilat olaraq öz payımıza düşən öhdəliyi layiqincə yerinə yetirib gənclərin güclü vətənpərvərlik ruhunda yetişməsinə nail ola bilirik".


Xəbərə aid fotolar