Azərbaycan Rusiya və Çində şərab evləri açır


Digərləri 09 İyl 2018 15:24:00 324 0

Azərbaycan Rusiya və Çində şərab evləri açır

Şərab istehsalçıları ilə müzakirələr aparılıb

Bakı. İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Prezidentinin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, yerli istehsalın stimullaşdırılması, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. İstehsalın və ixracın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayan nazir Şahin Mustafayev Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılmasının sahibkarlığın inkişafı, eləcə də şərab istehsalı və ixracının artırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Qeyri-neft məhsulları ixracının artırılması istiqamətində özəl bölməyə hərtərəfli dövlət dəstəyi göstərildiyini vurğulayan iqtisadiyyat naziri bu sahədə ixracın təşviqi mexanizminin mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirilib ki, ixrac təşviqinin 45%-ə yaxını üzüm şərabı və digər spirtli içkilərin payına düşür.