600-dən yüksək bal toplayanlara UNEC-də inanılmaz fürsət (FOTO)


Digərləri 09 İyl 2018 14:30:00 285 0

600-dən yüksək bal toplayanlara UNEC-də inanılmaz fürsət (FOTO)

UNEC-də Elmi Şuranın 2017/2018-ci tədris ili üçün sonuncu iclası keçirilib.

Bakı. UNEC-də Elmi Şuranın 2017/2018-ci tədris ili üçün sonuncu iclası keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, burada UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayevin hesabatı dinlənilib. Hesabatda Zaqatala filialında yeni tədris ilindən ixtisas sayının və qiyabi qəbul planının artırıldığı, təhsil haqlarının isə azaldıldığı da qeyd olunub. Sonra UNEC-in Dərbənd filialının direktor müavini Təranə Abasova hesabatla çıxış edib. Müasir tələblərə cavab verən, yüksək maddi-texniki baza ilə təmin olunan Dərbənd filialında tədrisin Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin proqramı əsasında aparıldığı şura üzvlərinin diqqətinə çatdırılıb. Bildirilib ki, Dərbənd filialında təhsil alan tələbələr UNEC-in Montpellier Universiteti ilə ikili diplom proqramında iştirak edə bilərlər. Eyni zamanda Dərbənd filialında əyani təhsil forması üzrə təhsil alan və imtahanlarda ən yüksək nəticə göstərən 2 tələbə təhsilini bir semestrlik UNEC-in Rus İqtisad Məktəbində davam etdirmək imkanı əldə edəcək. UNEC-in rektoru, professor Ədalət Muradov Universitet Daxili İkili Diplom (UDİD) proqramı ilə bağlı qaydalarda yeniliklər edildiyini diqqətə çatdırıb. Bildirib ki, yeni qaydalara əsasən, 2018/2019-cu tədris ilində UNEC-ə 700 bal toplayaraq qəbul olan abituriyentlər proqrama ödənişsiz qoşula biləcək. 600-dən yüksək bal toplayan I kurs tələbələrinə isə UDİD proqramı üzrə təhsildə 50 faiz güzəşt olunacaq. “Təhsil haqqında” qanunda dəyişikliklər edildiyindən söz açan Ə.Muradov beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəyini bildirib. Rektor UNEC-i seçən olimpiada qaliblərinin 600 və daha yüksək bal toplayaraq UNEC-ə qəbul olunan abituriyentlərlə yanaşı xüsusi təqaüd ala biləcəklərini vurğulayıb.