Məcburi köçkünlər üçün inşa edilən xalça emalatxanasında tikinti işləri davam etdirilir


Digərləri 09 İyl 2018 14:39:59 234 0

Məcburi köçkünlər üçün inşa edilən xalça emalatxanasında tikinti işləri davam etdirilir

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu il Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Kürdəmir, Goranboy, Tərtər, Şabran, Biləsuvar, Lənkəran, Qobustan rayonlarında xalça istehsalı emalatxanalarının tikintisini davam etdirir.

Bakı. Azərbaycanda xalçaçılığın geniş şəbəkəsinin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu il Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Kürdəmir, Goranboy, Tərtər, Şabran, Biləsuvar, Lənkəran, Qobustan rayonlarında xalça istehsalı emalatxanalarının tikintisini davam etdirir. ASC-dən Trend-ə verilən məlumata görə, iyulun 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilən xalça istehsalı emalatxanası binasında tikinti işlərinin gedişi ilə maraqlanıb. Məlumat verilib ki, bu ərazidə Cəbrayıl rayon sakinlərinin məskunlaşdığı 11 qəsəbə salınıb. Xalça emalatxanası 2 saylı qəsəbədə yaradılır. “EL-SEYM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşaası aparılan birmərtəbəli emalatxana binasının tikintisinə bu ilin aprel ayında başlanılıb. Binada dəmir-beton işləri yekunlaşdırılmaq üzrədir. Yaxın günlərdə hörgü işlərinə başlanılacaq. Hazırda binanın tikintisi ilə yanaşı, ərazinin abadlaşdırılması işləri də həyata keçirilir. Xalça istehsalı emalatxanasının bu ilin noyabr ayında təhvil verilməsi nəzərdə tutulub. Bu ərazidə xalça emalatxanasının yaradılmasının əhəmiyyəti vurğulanaraq bildirilib ki, məcburi köçkünlər arasında da peşəkar xalçaçılar, ömrünü bu sənətə bağlayanlar var. Dövlət başçısının tapşırığı ilə həm Qarabağ qrupu Azərbaycan xalçalarını yaşatmaq, həm də o insanları işlə təmin etmək məqsədilə sərhəd bölgələrində, məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda xalça istehsalı emalatxanalarının tikilməsinə üstünlük verilir.