Dövlət Miqrasiya Xidmətində “Beynəlxalq Yay Hüquq Məktəbi” açılıb FOTO


Digərləri 09 İyl 2018 14:15:00 402 0

Dövlət Miqrasiya Xidmətində “Beynəlxalq Yay Hüquq Məktəbi” açılıb  FOTO

Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında "Beynəlxalq Yay Hüquq Məktəbi"nin açılış mərasimi keçirilib. Yay məktəbində 17 Avropa ölkəsindən olan 100 xarici hüquq tələbəsi iştirak edir.

DMX-dan Son.az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Beynəlxalq Yay Hüquq Məktəbi"nin açılışı münasibətilə iştirakçıları təbrik edib və açılış mərasiminin DMX-də keçirilməsinə görə məmnun olduğunu bildirib. Avropalı tələbələrin bu səfərinin ümumilikdə ölkəmiz haqqında, Azərbaycan mədəniyyəti barədə ətraflı məlumat almaq baxımından da yaxşı imkan olduğunu deyib. İştirakçıların Azərbaycanda təşkil edilmiş yay məktəbindən razı qalacaqlarına inandığını bildirib. O, bu platformanın əhəmiyyətini vurğulayıb və artıq 4-cü dəfə Bakı şəhərində təşkil edilən layihənin səmərəsindən bəhs edib.

V.Hüseynov açılış mərasiminin mövzusu olan "Azərbaycanın açıq hökumət modeli: Miqrasiya sahəsində şəffaflıq və açıq hökumət prinsipləri"nin fəlsəfəsi, hüquqi bazası, praktik əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Xidmət rəisi açıq hökumətin prinsiplərinə və qanunvericiliyə uyğun olaraq DMX tərəfindən ölkəmizə gələn əcnəbilər üçün miqrasiya ilə bağlı prosedurların sadələşdirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb. İstər turist kimi, istərsə də işgüzar səfərə getmək istəyən şəxsin ilk olaraq maraqlandığı məsələlərdən biri də təyinat ölkənin miqrasiya qaydaları olur deyən Xidmət rəisi ölkəmizdə miqrasiya xidmətlərinə rahat çıxış əldə etmək imkanlarını təmin etmək üçün həyata keçirilən islahatlar və tətbiq edilən son yeniliklərdən söhbət açıb.

"Avropa Hüquqşünas Tələbələr Assosiasiyası"nın Azərbaycan nümayəndəliyi - "ELSA Azərbaycan"ın vitse-prezidenti Çinarə Qasımova bildirib ki, Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. O, qeyd edib ki, təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktiki tətbiqinə nail olmaqdır. Ç.Qasımovanın sözlərinə görə, Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub və bu təşkilatın dəstəyi ilə azərbaycanlı hüquqşünas tələbələr xaricdə təcrübə keçiblər.


Xəbərə aid fotolar