Tovuzda qədim yaşayış tikililəri aşkarlanıb


Digərləri 09 İyl 2018 10:33:00 256 0

Tovuzda qədim yaşayış tikililəri aşkarlanıb

Tovuzda qədim yaşayış tikililəri aşkarlanıb.

Bakı. İlhamə İsabalayeva - Tovuz bölgəsinin Neolit dövrü abidələrində aparılan kompleks arxeoloji tədqiqatlar zamanı qədim yaşayış yerinin iriölçülü bina tikililəri və çoxlu sayda arxeoloji materiallar aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, bundan əlavə, Yaponiyanın Tokio Universitetinin və Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinin (CNRS) mütəxəssislərinin birbaşa iştirakı ilə bölgənin Neolit əhalisinin qida rasionunun təyini məqsədilə araşdırmalar aparılıb. Belə ki, Göytəpə arxeoloji kompleksində aşkar edilmiş keramika məmulatları üzərindəki süd məhsulları izlərinin müəyyənləşdirilməsi üçün ilkin olaraq çöl şəraitində lipid analizləri həyata keçirilib. Ekspedisiya Göytəpə qədim yaşayış yerindən 4 km aralıda yerləşən Menteştəpə qədim yaşayış yerinin Neolit dövrünə aid qəbirlərindən və Tunc dövrünə aid Topdağdağan nekropolunun insan sümüklərindən götürülmüş nümunələrin izotop analizlərinin aparılmasına nail olub. Həmçinin ekspedisiyanın fəaliyyəti dövründə Hacettepe Universitetinin Antropologiya fakültəsinin professoru, doktor Yılmaz Selim Erdal ölkəmizə ezam olunaraq Göytəpədə aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub. Görüş müddətində Azərbaycan ərazisində aşkar edilmiş Neolit insanlarının skeletlərindən DNT analizi üçün nümunələrin gələcək illərdə Türkiyənin və İsveçin son texnologiyalarla təchiz olunmuş xüsusi laboratoriyalarında arxeo-genetik araşdırılmasının təşkili ilə bağlı müştərək proqramın konturları müəyyən edilib.