Cəhənnəm dəyirmanı


Digərləri 08 İyl 2018 19:50:00 255 0

Cəhənnəm dəyirmanı

Günahkarların cəzalandırılması üçün kifayət edən cəhənnəm odu elə bir oddur ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edir[1] və zahirdən əlavə, batini də yandırıb-yaxır. Amma bəzi cəhənnəm əhli bu dünyada öz mövqe və məqamlarından sui-istifadə etdiyi üçün, həmin əzabdan əlavə, digər ağır əzablara da düçar olacaqlar. İmam Əli (ə) buyurur:

انَّ فى جَهَنَّمَ رَحىً تَطْحَنُ، افَلا تَسْئَلُونى ما طَحْنُها؟ فَقيلَ لَهُ: فَما طَحْنُها يا اميرَ الْمُؤْمِنينَ؟ قَالَ: الْعُلَماءُ الْفَجَرَةُ، وَ الْقُرَّاءُ الْفَسَقَةُ، وَ الْجَبابِرَةُ الظَّلَمَةُ، وَ الْوُزَراءُ الْخَوَنَةُ، وَ الْعُرَفاءُ الْكَذَبَةُ ...؛

"Cəhənnəmdə həmişə işləyən bir dəyirman var (ki, beş zümrəni buğda kimi üyüdəcək!) Heç soruşmursunuz ki, bu dəyirman nə üyüdür (və onun qidası nədir)? Soruşdular: "Ey Əmirəlmöminin! "Bu dəyirmanın yemi (üyütdüyü şey) nədir?"[2]

Son.az maide.az-a istinadən bildirir ki, Həzrət onların cavabında beş zümrənin adını çəkir:

1. ألْعُلَماءُ الْفَجَرَةُ - Birinci zümrə azğın, dünyapərəst, təqvasız, əməlsiz, sözü ilə əməli düz olmayan alimlərdir. Onlar əllərində çıraq tutub insanlara həqiqi yolu və dini maarifi göstərdiyi, bir sözlə, onların etimad etdiyi şəxslər olduqları halda, əlində çıraq oğurluq edən oğru kimi azğındırlar. İmam Həsən Əskəri (ə) təkanverici bir rəvayətdə belə alimləri Yezidin ordusundan təhlükəli adlandırmışdır![3]

Əməlsiz, təqvasız və dünyapərəst alim elminə əməl etməsə də, xalq elminə görə ona ehtiram göstərib sözlərinə aldanır. Təqvasız olduğuna görə, belə alimin İslama vurduğu zərbəni heç bir cahil vura bilmir. Buna görə də, nə vaxt söhbət təqvadan gedirsə, elmlə yanaşı olan təqva nəzərdə tutulur. Elm və təqva bir-birindən ayrı olduqda, nəinki faydası olmayacaq, əksinə zərəri olacaqdır. Eləcə də,elm və bilikdən söhbət gedəndə, məqsəd əməllə yanaşı olan elmdir.

Əməlsiz və dünyapərəst alim elmli olduğuna görə xalqı aldatmağı hamıdan yaxşı bacarır. Belə alimin dinə xeyri dəyməz. Ona görə də onların hiyləsinə aldanmamaq, onların tələsinə düşməmək üçün ehtiyatlı olmaq lazımdır. Buna görə də, təqva və bilik birlikdə olanda faydalı olur, fərdlərin və cəmiyyətin səadətinə xidmət edir.