“Biz kişiyik, kimisə arxadan vurmarıq” 25 yaşlı gənci


Digərləri 08 İyl 2018 19:16:00 314 0

“Biz kişiyik, kimisə arxadan vurmarıq”  25 yaşlı gənci

150 manata görə adam öldürməkdə ittiham edilən şəxslərin məhkəməsi davam edib. Onlar bir-birlərini günahlandırırlar. Hər ikisi qətli törətmədiyini deyir.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Əlizadə və İlham Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə İlham Əliyevin xanımı Xuraman Əliyeva əlavə şahid kimi ifadə verib. Məhkəməyə öz təşəbbüsü ilə gələn X.Əliyeva baş verən hadisə ilə bağlı bildiklərini danışmaq istədiyini deyib. Hadisədən sonra polis tərəfindən dindirilən X.Əliyeva bu işdə şahid kimi tanınmamasına etiraz edib. Hakim onun dinlənilməsini istəyib. X.Əliyeva ilk dəfə polisə verdiyi ifadəsinin düzgün yazılmadığını deyib və bildirib ki, həmin işi aparan müstəntiq artıq vəzifəsindən uzaqlaşdırılıb.

Hakimin elan etməsi ilə məlum olub ki, Xuraman Əliyeva istintaqa ifadəsində əri İlham Əliyevin problemli adam olduğunu, gəncləri yoldan çıxardığını deyib. Əlavə edib ki, baş verən cinayət əməlində ərinin də əlinin olmasına şübhə etmir.

Xuraman Əliyeva istintaqdakı ifadəsinin düzgün yazılmamasını belə izah edib: "Mən savadsız adamam. İfadəni oxumamışam. Özüm ora getmişəm. İmza at deyiblər atmışam. Bilmirdim ki, belə sözlər yazılıb".

Xuraman Əliyeva söyləyib ki, həmin gecə ərinə zəng edərək evə gec gəlməsinin səbəbini soruşub: "Dedim ki, İlham, hardasan? Dedi ki, Vüqar adam öldürüb, onun ayaqqabısını axtarıram. Mən də dedim bəlkə içib deyə belə danışır. Sonra İlham evə gəldi. Şalvarının ancaq balağında qan izi var idi. Dedi ki, Vüqar Kamranı öldürüb".

O, söyləyib ki, hadisədən bir neçə gün sonra Vüqar Əlizadənin anası və yaxınları onlara gəlib: "Mənə dedilər ki, evi satıb kənddən gedin. Mən də dedim ki, biz niyə evimizdən getməliyik? Həmin ərəfədə İlham tutulmamışdı".

Təqsirləndirilən İ.Əliyev xanımının dediklərinə əlavələr etmək üçün məhkəmədən söz istəyib: "Xuraman düz deyir. Onlar bizə gəliblər. İstəkləri isə bu idi ki, mən deyim ki, dava zamanı bıçaq mərhumda olub. Vüqar onu vurmaq istəyən Kamranın əlindən bıçağı alıb və özünü qoruyub. Amma bu, belə olmayıb".

Digər təqsirləndirilən Vüqar Əlizadə isə hər iki şəxsin yalan danışdığını deyib. Məhkəmə Vüqar Əlizadədən qətl hadisəsi baş verən gün yaşananları bir daha danışmasını istəyib.

V.Əlizadə deyib ki, həmin gün Kamran la bir yerdə olublar. Onun sözlərinə görə Kamran içkili olub: "Kamran pul borclu idi. Mən onunla danışdım. Sonra İlham gəldi dedi ki, mən onunla danışacam. Onlar kənara çəkilib danışdılar. Sonra aralarında mübahisə düşdü. Mən də onları sakitləşdirmək istədim. Kamran məni söydü. Sakitləşməyib daha böyük təhqirlər etdi. Əlində olan bıçağı aldım. İlham onu itələyəndə bıçaq Kamrana dəydi. Kamran qapının qarşısından yıxılanda Vüqarın üstünə düşdü. Kamran qaçanda İlham onun arxasınca getdi. Bir az aralıda bıçaqla ona bir neçə zərbə vurdu. Biz ordan çıxıb getdik".

V.Əlizadə mərhumu kürəyindən bıçaqlaması ittihamına belə cavab verib: "Bizim kənddə belə şeyə yaxşı baxmırlar. Biz kişiyik. Kimisə arxadan vurmarıq. Mən onu vurmaq istəsəm, üzbəüz vurardım".

Məhkəmə iclasında tərəflər arasında bir neçə dəfə mübahisə yaranıb. Hakim tərəflərə xəbərdarlıq edib.

Bildirək ki, hadisə Sabunçu rayonun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlu 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu pul məsələsinə görə bıçaqlayaraq qətlə yetirib.

Hər iki şəxs Bakıda fəhlə işləyirmiş və 23 yaşlı K.Quliyev tanışından bir müddət əvvəl borc olaraq 150 manat alıb.

V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.

Onların arasında mübahisə davaya çevirilib və V.Əlizadə 25 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi vurub.

Hadisədən sonra İlham Əliyevin də cinayət işində əli olduğu məlum olub. Hər iki şəxs qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur.

Məlumata görə, bir-birinin əleyhinə ifadə verən şəxslərin arasında düşmənçilik var. Bu səbəbdən onlar eyni şüşə qəfəsə salınmayıblar.