Yayın istisində özümüzü çimərliyə veririk, çimərlikdə isə... FOTO


Digərləri 07 İyl 2018 22:47:00 344 0

Yayın istisində özümüzü çimərliyə veririk, çimərlikdə isə...  FOTO

Novxanı çimərliyində səliqə-sahman qaydasında olsa da, qiymətlər "əl yandırır"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zonalarında, "Amburan" çimərliyində, Novxanı və Corat bağlarının sahil boyu ərazilərində müvafiq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ancaq Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun Şıx çimərliklərində aparılmış monitorinqlərin nəticələrinə görə, zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyənləşib. Buna görə qeyd olunan çimərliklərə getmək məsləhət deyil.

Ötən gün çimərliklərdə yaşananları müşahidə etmək üçün yolumuzu Şıx çimərliyindən saldıq. "Xalq çimərliyi" deyilən əraziyə daxil olmaq üçün hasarlanmış dəniz sahilinə daxil olmaq üçün qapıçı giriş qiymətinin 1 manat olduğunu bildirdi. Və qeyd etdi ki, tələb olunan məbləği çıxarkən deyil, içəri daxil olarkən ödəməliyik. Deyilənə əməl edib içəri daxil olduq.

Məişət tullantıları, kanalizasiya çirkabı, həmçinin yosunla dolu olan dənizin sahili də avtomobillərlə əhatə olunmuşdu. İnsanlar edilən xəbərdarlığı nəzərə almadan çimərlikdən istifadə edirdilər. Görünür ki, ya olunan xəbərdarlıqdan agah deyillər, ya da heç bir qadağa onları maraqlandırmır.

***

Buradan çıxıb, üz tutduq Novxanı çimərliyinə. Orada isə vəziyyət tamam başqa cür idi. Novxanı çimərliyində səliqə-sahman qaydasında olsa da, qiymətlər "əl yandırır". Belə ki, dənizə yaxın qoyulmuş stolların qiyməti 20 manat, bir qədər uzaq olanlar isə 10 manat idi. Dənizin kənarında quraşdırılmış çimərlik çarpayısı üçün 6-8 manat ödəmək lazımdır.

Qiymətlərin baha olmasına baxmayaraq, dənizə gələnlərin sayı kifayət sayda idi. Hətta istirahət mərkəzlərində yer götürmədən belə, əraziyə daxil olub, xalça-palazını yerə sərib istirahət edənlər də az deyil.

Çimərliyə gələn Bakı sakini Nigar Quliyeva deyir ki, hər il istirahət üçün Novxanı çimərliyini seçirlər: "Çünki buranın suyu və sahili təmizdir. Qiymətlər də münasibdir. Həm də heç kim səni məcbur etmir ki, nəsə alasan. Stol-stulunu götür, səhərdən axşama qədər otur. Yeməyini evdən gətirsən, gözəl bir gün keçirmiş olarsan".

Samirə Mahmudova isə deyir ki, istirahət üçün ən gözəl məkan dəniz kənarıdır: "Çox adam istirahətini digər ölkələrdə keçirir. Ancaq həmin puldan az məbləğə Bakıda da istirahət etmək olar. Məsələn, biz maraqlanmışıq, burada otaqların günü 50 manatdır. Bir həftə götürsən, 350 manat edir, yemək-içməyini də burdakı restoranlardan etsən, ümumi 1000 manatdan artıq xərcin çıxmaz".

Digər Bakı sakini Elxan Həsənovun sözlərinə görə isə Novxanı da "xalq çimərliyinin" olması maddi cəhətdən sıxıntısı olan insanlar üçün əlverişlidir: "Burada digər yerlərdən fərqli olaraq qapıya şlaqbaum basdırıb, giriş üçün pul tələb etmirlər. Rahat keçib istirahətini edirsən".

"Bircə problem vətəndaşlarladır. Gəlib yeyib-içirlər, ancaq zibillərini təmizləmirlər. Neçə dəfə özüm irad bildirmişəm. Deyirsən, acıqlarına da gəlir. Bircə dərdimiz təmizlikdir. Hər kəs öz zibilini yığsa, problem olmaz" - deyə E.Həsənov əlavə edir.

Novxanı çimərliklərində yerləşən restoranlarda qiymətlər, demək olar ki, eynidir. Tikə kabab 7, dana basdırması 8, toyuq kababı və kartof qızartması 4, salatlar 3-6 manata təklif olunur. Pendir 2, qutablar isə 50 qəpikdən 1,50-yə qədər, qarışıq meyvə salatı 4-5 manatadır. Sac yeməyi 17-20 manata, çay samovarda 10, çaydanda isə 3 manata satılır. Çay dəsgahı, sifarişinizdən asılı olaraq, 20-25 manata başa gələ bilər.


Xəbərə aid fotolar