Azərbaycanda uşaq bağçasını necə açmaq olar?


Digərləri 07 İyl 2018 20:54:00 323 0

Azərbaycanda uşaq bağçasını necə açmaq olar?

Uşaq bağçası biznesi Azərbaycanda çoxluğun maraqlandığı investisiya sahəsidir. Bu gün gündəlik həyatında hər on nəfərin azı beşi "Uşaq bağçasını necə açmaq olar?", "Lisenziya üçün nə qədər rüsum tələb olunur?", "Bu yöndə biznes-planı haradan əldə etmək olar?" kimi suallarla rastlaşmamış deyil.  

Son.az oxu.az-a istinadən bildirir ki, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasını təmin etmək məqsədilə dövlət, doğrudan da, sahibkarlar üçün investisiya qoyuluşu prosedurlarını asanlaşdırıb.

Nəticədə, bu sahəyə maraq artıb. Hətta o qədər ki, bazarda bunu ailə, qohum biznesinə çevirənlər də var. 

Belə ki, binaların birinci mərtəbəsində 50-60 kvadratmetrlik ərazini, yaxud da fərdi evi kirayələyib, qohumlardan, dost-tanışlardan ibarət işçi heyəti toplayıb, uşaq bağçası açanların sayı az deyil.

Bir sözlə, vaxtilə şadlıq evi biznesi nə dərəcədə aktual və dəbdə idisə, hazırda seçim uşaq bağçaları üzərindədir. 

Sektora marağın artdığını rəsmi statistik rəqəmlər də göstərir. Konkret olaraq, 2009-2010-cu tədris ilində Təhsil Nazirliyi tərəfindən cəmi dörd məktəbəqədər təhsil müəssisəsinə lisenziya verilmişdisə, 2011-ci ildə 21 sahibkar bu fəaliyyət üçün icazə alıb.

2011-2012-ci ildə isə daha 11, 2012-2013-cü ildə 6, 2013-2014-cü ildə 12, 2014-2015-ci ildə 17, 2015-2016-cı ildə 3 uşaq bağçası və məktəbəqədər tərbiyə müəssisəsinin fəaliyyətinə  lisenziya verilib.  

Bununla belə, hazırda Azərbaycanda uşaqların məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Belə ki, 1-5 yaşlı uşaqların cəmi 14 faizi məktəbəqədər təhsil müəssisəsinə gedə bilir. 

Deməli, sektorda biznes fəaliyyəti üçün imkanlar hələ də genişdir. 

Uşaq bağçası açmaq üçün nə lazımdır? 

Uşaq bağçası açmaq üçün ilk növbədə hansı addımı atmaq lazımdır? 

2016-cı ildə Azərbaycan prezidentinin "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" 19 oktyabr tarixli, 650 nömrəli fərmanı ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi aidiyyəti dövlət orqanlarının rəyini almaqla, İqtisadiyyat Nazirliyinə həvalə edilib. 

Həmin fərmanla təsdiq edilən "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri" məktəbəqədər təhsil müəssisələri üçün 1250 manat təsdiqlənib. Bundan əvvəl həmin qiymət 2500 manat idi.

O ki qaldı lisenziyaların alınması üçün tələb olunan sənədlərə, icazələrin elektron informasiya portalına əsasən, məktəbəqədər təhsil müəssisəsi açmaq üçün müvafiq formada ərizə tələb edilir.

Eləcə də, sahibkara məxsus dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti, obyektlərdən hər biri üçün istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsaslar) təsdiq edən sənədin surəti, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əlavə şərtləri əks etdirən sənədlər (təhsil müəssisəsinin pedaqoji, elmi-pedaqoji işçiləri haqqında məlumat; maddi-texniki baza və təlim-tərbiyə prosesinin təminatı haqqında ətraflı məlumat), dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin təqdim olunması istənilir. 

Yuxarıda qeyd olunanlara əsaslansaq, məktəbəqədər təhsil müəssisəsi yaratmaq su içmək kimi asan bir prosesdir. Amma bu, aysberqin görünən tərəfidir.

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, məktəbəqədər təhsil müəssisələri vergidən azaddırlar:

"Azərbaycanda bir neçə sahə var ki, sahibkarlıq subyektləri lisenziya aldıqları zaman vergidən azad edilirlər. Onlardan biri də uşaq bağçalarıdır. Sadəcə, lisenziyalaşma prosesi çətin olduğundan, bu sahədə subyektlərin ortaya keyfiyyətli iş qoymaları xərc tələb etdiyindən uşaq bağçası biznesi populyarlaşmayıb.

Bu gün ölkədə dövlət uşaq bağçalarının sayı ümumi uşaqların 25 faizini əhatə edir. Azərbaycanda 1600 dövlət bağçası var. Lisenziya almış özəl uşaq bağçalarının sayı isə 90-dır". 

Lisenziyaların verilməsində Təhsil Nazirliyinin rəyi mühümdür

Ekspert deyir ki, Təhsil Nazirliyindən lisenziya almış uşaq bağçaları ilə yanaşı, Vergilər Nazirliyindən qeydiyyatdan keçməklə (sadələşdirilmiş vergi ödəyicisi, yaxud məhdud məsuliyyətli cəmiyyət kimi) fəaliyyət göstərən uşaq bağçaları da var:

"Qeyd etdiyim sadələşdirilmiş vergi ödəyicisi, yaxud məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyət göstərən uşaq bağçaları üçün hər hansı sənədləşmə prosesinə ehtiyac yoxdur.

Azərbaycanda hətta xaricilər də gəlib uşaq bağçası aça bilərlər. Yəni dünyada elə bir ölkə yoxdur ki, bu istiqamətdə prosedurlar Azərbaycandakı kimi asan olsun".  

K.Əsədovun sözlərinə görə, ölkədə biznes mühiti üçün geniş şərait yaradılan sahələrdən birincisi məktəbəqədər təhsil müəssəsidir: 

"İstənilən vətəndaş standartlara cavab verən obyekti icarəyə götürüb, vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə uşaq bağçası yarada bilər". 

Ekspert hesab edir ki, bu biznesin geniş yayılmamasının daha bir səbəbi kadr problemidir:

"Təkcə parta qoyub, uşaqları bir yerə yığmaqla xidmət göstərmək olmur". 

K.Əsədov deyir ki, lisenziyaların verilməsində Təhsil Nazirliyinin rəyi mühümdür: 

"Vergi ödəyicisi kimi lisenziyaların verilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib. Nazirlik "ASAN xidmət"lə bərabər bu xidməti reallaşdırır. Lisenziyanın verilməsinəqədərki prosesə Təhsil Nazirliyi tərəfindən baxılır.

Lisenziya almaq üçün Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Şöbəsinin rəyi vacibdir. Sahibkarın müraciətindən sonra nazirliyin xüsusi komissiyası hər bir detalı araşdırır. Şöbə müsbət rəy verməzsə, sahibkar İqtisadiyyat Nazirliyindən lisenziya ala bilməyəcək".  

Biznesə başlamaq üçün sahibkarın ilkin xərcləri