Bundan sonra evakuasiyanı polis etməyəcək


Digərləri 07 İyl 2018 17:54:00 294 0

Bundan sonra evakuasiyanı polis etməyəcək

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, fərmana əsasən Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri xeyli genişləndirilib. 

Yol təhlükəsizlik məsələləri üzrə ekspert Ərşad Hüseynov fərmanda qeyd olunan yenilikləri "Qafqazinfo"ya şərh edib. O bildirib ki, Kütləvi İnformasiya Vasitələri məsələləri yanlış şərh ediblər: "Söhbət ondan gedir ki, bir neçə istiqamətdə Bakı Nəqliyyat Agentliyi yol hərəkətinin təşkili məsələsində, polislə səlahiyyət bölgüsü məsələsində bir sıra yeniliklər var. Belə ki, yalnız Bakı şəhərinin küçələrində dayanma, durma, parklanma qaydalarını pozan, evakuasiya edilməli olan avtomobilləri Bakı Nəqliyyat Agentliyi cərimə meydançasına aparacaq. Əslində isə, cərimə meydançaları agentliyin tərkibinə verilmir. Çünki cərimə meydançalarına avtomobillər başqa səbəblərə görə də aparılır. Məsələn, sürücü sərxoş olanda, sürücülük hüququ olmayanda, cərimələri  gecikdirəndə və.s. Bu məsələlər yenə polisin səlahiyyətində qalır. 

Dayanma, durma, parklanma qaydalarını pozan sürücülərə cərimənin də yazılması da Bakı Nəqliyyat Agentliyinin səlahiyyətinə verilib.  Cərimə meydançalarıyla bağlı daxil olan vəsaitlərin bölgü məsələsi isə sonra müəyyən olunacaq. Hələ ki, fərmanda bu  məsələ qeyd olunmayıb. Saxlanc pulları da elə böyük məbləğ deyil. Bir günə görə 1 manatdır. Onlar da heç elektrik xərclərinin ödənilməsinə bəs etmir. Üstəgəl, cərimə meydançasına aparılan avtomobilin sürücüsü 1 saatdan sonra gəlib onu götürür. Buna görə də saxlanc pulu ödənilmir.