"Zubrları təbiətimizə qaytaraq!" ekoloji yay düşərgəsi uğurla başa çatdı FOTO


Digərləri 07 İyl 2018 13:16:00 784 0

"Zubrları təbiətimizə qaytaraq!" ekoloji yay düşərgəsi uğurla başa çatdı  FOTO

İyulun 4-6-da "Azərbaycanda zubrların reintroduksiyası" proqramı çərçivəsində IDEA İctimai Birliyi, Gənclər Fondu, Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi keçirilib.

Son.az xəbər verir ki, İB-dən Trend-ə verilən məlumata görə, düşərgədə İsmayıllı rayonunun Talıstan, Tircan, Keyvəndi, Cülyan, Topçu və digər kəndlərindən 60-a yaxın məktəbli iştirak edib.

"Zubrları təbiətimizə qaytaraq!" yay düşərgəsinin əsas məqsədi təbiətimizə qaytarılması nəzərdə tutulan zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.

Düşərgənin ilk günü iştirakçılar zubrların həyat tərzi, reintroduksiya olunacağı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, bu nadir canlı növünün zəngin təbiətimizə qaytarılması məqsədilə həyata keçirilən reintroduksiya layihəsi haqqında seminarlarda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər.

Düşərgənin ikinci günündə iştirakçıların Azərbaycanın ən böyük Milli Parkı olan Şahdağ Milli Parkına ekskursiyası təşkil olunub. Ekskursiya zamanı uşaqlar Milli Parkın zəngin bioloji müxtəlifliyi, eyni zamanda, zubrlarla bağlı həyata keçirilən layihə çərçivəsində Şahdağ Milli Parkının ərazisində bu növün təbiətimizə uyğunlaşması üçün inşa edilən komplekslə tanış olublar.

Düşərgənin üçüncü günü, məktəblilərin Cülyan şəlaləsinə ekskursiyası təşkil olunub. Burada onlar təmizlik aksiyasında iştirak edib və tullantıları toplayaraq çeşidləyiblər. Daha sonra iştirakçılar İsmayıllı rayonunun Topçu kəndində yerləşən Azərbaycanın bioloji təbiət abidələrindən biri olan 800 yaşlı qocaman palıd ağacını ziyarət ediblər.