"Dövlət başçısından yalan danışan, səhlənkarlıq edən məmurlara lazımi təpki gəldi"


Digərləri 07 İyl 2018 11:56:00 288 0

"Dövlət başçısından yalan danışan, səhlənkarlıq edən məmurlara lazımi təpki gəldi"

"Prezident İlham Əliyev sonuncu müşavirədə məmurlara dərs verdi".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev ölkədə bütün sahələri nəzarətdə saxlayır və hansı sahədə çatışmazlıq varsa, dərhal onu aradan qaldırır: "Dövlət başçısından yalan danışan, səhlənkarlıq edən məmurlara lazımi təpki gəldi. Dövlət başçısı mütəmadi olaraq hansı sahədə çatışmazlıq varsa, bunun aradan qaldırılması üçün əlindən gələni edir. Təəssüf ki, bəzi məmurlar etibardan sui-istifadə edir. Bu qəza isə onun göstəricisidir. İstənilən dövlətdə və istənilən sahədə bundan da böyük qəzalar baş verir. Məsələ burasındadır ki, Azərbaycanda kifayət qədər enerji istehsal edən obyektlər var - su elektrik stansiyaları, istilik elektrik stansiyaları. Təkcə ötən 15 ildə ölkədə 30 elektrik stansiyası tikilib. Amma bir elektrik stansiyasında baş verən qəza bütün ölkənin elektrik enerjisini çökdürdü. Bu ağla gəlməyən bir işdir. Mən güman edirəm ki, hadisə ilə bağlı günahlar bağışlanmamalıdır. Hadisənin baş verməsinə görə cavabdeh olan şəxslər məsuliyyətə cəlb edilməli, layiqli cəzalarını almalıdırlar".

E.Məmmədov deyib ki, prezidentin həmin müşavirədə ilk öncə insanların ziyan çəkdiyini qabartması dövlət başçısının ilk əvvəl xalqın problemləri barədə narahat olmasını bir daha sübuta yetirdi: "Dövlət başçısı ilk olaraq insanların metrolarda, xəstəxanalarda həyəcan keçirdiyini, ziyan çəkdiyini qabartdı. Bu, ölkə başçısının xalqa nə qədər diqqətli və həssas olmasından xəbər verir".