Heydər Əliyev Mərkəzində "Astana böyük çölün incisi" adlı sərgi açılıb FOTO


Digərləri 06 İyl 2018 22:26:00 336 0

Heydər Əliyev Mərkəzində "Astana  böyük çölün incisi" adlı sərgi açılıb  FOTO

İyulun 6-da Heydər Əliyev Mərkəzində Astana şəhərinin Qazaxıstan Respublikasının paytaxtı elan edilməsinin 20 illiyinə həsr olunan fotosərgi açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, sərgi Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası Fondunun təşkilatçılığı, Heydər Əliyev Fondu və Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilir.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli Mərkəz haqqında iştirakçılara ətraflı məlumat verib. O, Astananın 20 illiyinə həsr edilən layihənin iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərə öz töhfəsini verdiyini qeyd edib. "Layihə Heydər Əliyev Fondu və Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası Fondunun birgə əməkdaşlığı çərçivəsində planlaşdırılan tədbirlərdən biridir. Bu əməkdaşlığın məqsədi ölkələrimizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi və təbliğinin genişləndirilməsi, çoxəsrlik əlaqələri olan xalqlarımızın daha da yaxınlaşdırılmasıdır", - deyən Adil Kərimli bildirib ki, sərgidə təqdim olunan əsərlər hər bir ziyarətçidə Astana haqqında xoş təəssürat yaradacaq.

Qeyd edək ki, sərginin açılışı əlamətdar tarixə təsadüf edir. 6 iyul Qazaxıstanda bayram - Paytaxt Günü kimi qeyd olunur.

Müasirliyi və gözəlliyi ilə dünya şəhərləri arasında seçilən Astananın coğrafi baxımdan da əlverişli mövqedə yerləşdiyini deyən Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası Fondunun icraçı direktorunun müavini İqor Roqov bildirib ki, Qazaxıstan paytaxtının arxitekturası, eyni zamanda, milli mədəniyyəti, ənənələri tam əks etdirir. "Ölkəmizin möhtəşəm bayramını - paytaxtımızın yubileyini qeyd etdiyimiz zamanda Heydər Əliyev Fondu sayəsində biz Astanaya həsr olunmuş sərgini də məhz Azərbaycanda təqdim edirik. Bu, bizim üçün çox dəyərlidir. Hesab edirəm ki, bu sərgi vasitəsilə azərbaycanlı həmkarlarımız və dostlarımız Qazaxıstanın paytaxtı haqqında ətraflı məlumat ala biləcəklər", - deyə Elbası Fondunun icraçı direktorunun müavini qeyd edib.