Arif Alışanovu öldürməyə cəhddə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı başa çatıb


Sosial 06 İyl 2018 16:05:00 329 0

Arif Alışanovu öldürməyə cəhddə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı başa çatıb

Proses iyulun 10-dək təxirə salınıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Ş.Əkbərovun vəkili növbəti dəfə vəsatət qaldırıb.

O, texniki vasitələrdən istifadə olunamaqla A.Alışanov və onun qızı Nigar Alışanovun dindirməsini istəyib.

Vəkil həmçinin digər vəsatətində Ş.Əkbərov barəsində Məhkəmə-Tibbi Ekspertizanın keçirilməsini tələb edib. O bildirib ki, ekspertiza ilə müvəkkilinin səhhətinin həbsdə qalmasına imkan verib-vermədiyi müəyyən edilməlidir.

Vəsatət təmin edilməyib.

Daha sonra təqsirləndirilən Ş.Əkbərovun vəkili məhkəməyə əlavə şahidlərin adı olan siyahı təqdim edib. O, siyahıda həmin şahidlərin məhkəmədə dindirilməsini istəyib.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Ş.Əkbərovun digər vəkili müvəkkili barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi üzrə Məhkəmə-Texniki Mühasibatlıq Ekspertizasının keçirilməsini istəyib.

Vəsatət təmin edilməyib.

Hakim məhkəmə istintaqının tamamlanıb-tamamlanmaması barədə təqsirləndirilən şəxslərə fikir bildirmək üçün söz verib.

Bu zaman Q.Cəbiyev məhkəmədə təhqiramiz ifadə işlədib.

Hakim onu zaldan çıxarılması barədə qərar çıxarıb. Q.Cəbiyev məhkəmə zalından çıxarılıb.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxış üçün vaxt istəyib.

Proses iyulun 10-dək təxirə salınıb.

İttiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.