Hacıqabulda 5 yaşayış məntəqəsini əhatə edən yolların tikintisi yekunlaşır (FOTO/VİDEO)


Digərləri 06 İyl 2018 15:05:45 253 0

Hacıqabulda 5 yaşayış məntəqəsini əhatə edən yolların tikintisi yekunlaşır (FOTO/VİDEO)

Hacıqabul rayonunda 2 qəsəbə və 3 kəndi əhatə edən ümumi uzunluğu 12.2 km olan yolların əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.

Bakı. Hacıqabul rayonunda 2 qəsəbə və 3 kəndi əhatə edən ümumi uzunluğu 12.2 km olan yolların əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 84-cü km-dən ayrılan və uzunluğu 2.1 km olan Atbulaq kəndinin, magistralın 87-ci km-dən ayrılan və uzunluğu 2.5 km olan Qızılburun kəndinin və magistralın 103-cü km-dən ayrılan ümumi uzunluqları 7.6 km olan Nəvahi və Pirsaat qəsəbələrinin, həmçinin Rəncbər kəndinin avtomobil yollarıdır. Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə aparılan bu işlər 5 yaşayış məntəqəsinin 11 min nəfər əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq. Çünki yollar uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində vətədaşların hərəkətində müəyyən çətinliklərə səbəb olurdu. Tikinti layihəsi uyğun olaraq yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 18 yerdə müxtəlif diametrlərə malik dəmir-beton boruların tikintisi işləri də aparılıb. Bundan başqa layihə çərçivəsində Qızılburun və Rəncbər kəndlərinə gedən yolların üzərində yerləşən mövcud 12 metr uzunluğa malik körpülərin də əsaslı şəkildə təmiri nəzərdə tutulub.