Bölgələrin Bilik evlərində təlimlərə yekun vuruldu (FOTO)


Digərləri 06 İyl 2018 14:42:00 268 0

Bölgələrin Bilik evlərində təlimlərə yekun vuruldu (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı ilk gündən təkcə paytaxtda deyil, bütün ölkə ərazisində maarifçilik tədbirləri həyata keçirir, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənətinin təbliği ilə bağlı bir-birindən maraqlı layihələr reallaşdırır.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı ilk gündən təkcə paytaxtda deyil, bütün ölkə ərazisində maarifçilik tədbirləri həyata keçirir, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənətinin təbliği ilə bağlı bir-birindən maraqlı layihələr reallaşdırır. Ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılması, azərbaycançılıq məfkurəsinin və milli-mənəvi, dini dəyərlərin təbliği, dövlətin daxili və xarici siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması Bilik Fondunun əsas missiyasıdır. Trend-in məlumatına görə, Azərbaycanın 7 bölgəsində Fondun 76 şəhər və rayon nümayəndəsi yerli əhalinin maarifləndirilməsi, yeniyetmə və gənclərin elmi biliklərinin artırılması ilə bağlı bir sıra tədbirlərin təşəbbüskarları və təşkilatçıları olaraq mühazirə və təlimlərin müasir tələblərə uyğun keçirilməsini təmin edirlər. Bölgə ziyalısına, məktəblisinə və gəncinə daha yaxın olmaq üçün 2015-ci ildən etibarən yerlərdə Bilik evləri fəaliyyət göstərir. Artıq Qax, Oğuz, Şəmkir, Nardaran, İsmayıllı, Ağstafa, Astara, Ağdaş, Tərtər Bilik evləri əhalinin üz tutduğu müqəddəs məkana – maarif ocağına çevrilib. Bilik evləri xüsusilə ali təhsil ala bilməyən gənclərin inkişafında müstəsna rol oynayır, burada gənclər üçün ədəbi yaradıcılıq, müxtəlif peşələr üzrə hazırlıq kursları, ingilis və rus dilləri, həmçinin kompüter texnologiyaları və kargüzarlıq işi, bələdçilik, toxuculuq və dekorativ tətbiqi sənət, xalçaçılıq, rəssamlıq üzrə ödənişsiz əsaslarla təlim kursları və dərnəklər təşkil olunur. Dinləyicilərə yüksək ixtisaslı mütəxəssislər dərs deyirlər. İxtisasla yanaşı, bütün müdavimlər ölkənin daxili və xarici siyasəti, Azərbaycan tarixi və mədəniyyəti, ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı və mədəniyyəti ilə bağlı mühazirələr dinləyir, dəyirmi masalarda və disputlarda, kitab təqdimatları və intellektual müsabiqələrdə iştirak edirlər. Bilik evlərində təhsilini uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim olunur. Bilik Fondu təlim kurslarını və dərnəkləri tədris vəsaitləri, dərsliklər, əyani vəsaitlər, məlumat ədəbiyyatı və danışıq kitabçaları ilə təmin edir. Hər bir Bilik evində mütəmadi olaraq sosial sifariş üzrə təlim olunacaq ixtisaslar dəyişdirilir, yenilənir. Maarifləndirici fəaliyyətin istiqamətlərinin müəyyənləşdirilməsi və Bilik evlərində yerli əhalinin istək və arzularının nəzərə alınması üçün sosial sifarişin öyrənilməsi və təkmilləşdirilməsi məqsədilə Fondun İnformasiya təminatı sektorunun nəzdində Sosioloji Sorğu Mərkəzi yaradılıb. Mərkəz vaxtaşırı əhali arasında müxtəlif sorğular keçirməklə sosial sifarişin öyrənilməsinə yardım edir.