“Elmar Vəliyevlə hələ danışa bilməmişəm”


Digərləri 06 İyl 2018 13:10:00 262 0

“Elmar Vəliyevlə hələ danışa bilməmişəm”

Mən Elmar Vəliyevə şəfa diləyirəm. O, ailəni çox gözəl tanıyıram. Vəliyevlər ailəsi, bütün qardaşlar vətəninə, xalqına bağlı olan şəxslərdir, ən çətin günlərdə, ən çətin anlarda Vətən uğrunda mübarizə aparıblar, ön cəbhədə olub, əsgərlərə yardım ediblər. Özü də onlar hamısı hərbi rütbə daşıyan insanlardır.

Son.az xəbər verir ki, YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu fikirləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə bağlı musavat.com-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, hakim partiyanın qurulmasında E.Vəliyev yaxından iştirak edib: "Mənim yaxşı yadımdadır ki, Elmar Vəliyevlə o zonada YAP-ın yaradılması işində birlikdə fəaliyyət göstərmişik. Yəni hər şeyin tarixi var, bu məsələlər yeni ortaya çıxmayıb. Böyük qardaşları hələ Şəmkirdə işlədiyi dövrdə, ən çətin vaxtlarda, hansı ki, heç nə çatışmırdı, öz şəxsi, ailə büdcələrindən hərbiyə yardımlar edib. Həmçinin digər qardaşlar da eləcə... Elmar Vəliyevin özü Yevlax gömrüyünün rəisi idi. O dövrdə mütəmadi olaraq Tərtərdən başlamış, Bərdəyə qədər cəbhə bölgələrinə gedirdi.  O zaman yaralıların müalicəsində, ən əsası dövlətçiliyin qorunub-saxlanmasında çox böyük işlər görüb. Həmçinin bu ailə nəsillikcə dövlət çevrilişinin həmin bölgədə qarşısının alınmasında aktiv olub".