Millimizin qapıçısı: “Çempionlar Liqasında buna yol verməyəcəyik”


İdman 06 İyl 2018 12:08:00 293 0

Millimizin qapıçısı: “Çempionlar Liqasında buna yol verməyəcəyik”

“Luçeneç”in heyəti, demək olar ki, Slovakiya millisinin oyunçularından qurulub. Bu komanda ilə oyun daha çətin keçəcək”.

Goal.az-ın məlumatına görə, bu sözləri futzal millimizin və "Araz"ın qapıçısı Rövşən Hüseynli Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə UEFA Çempionlar Liqasının püşkatmasını dəyərləndirərkən deyib.

R. Hüseynli onları çətin sınağın gözlədiyini vurğulayıb: “İstənilən rəqibə hörmətlə yanaşmaq, onları ciddi qəbul etmək lazımdı. İlkin mərhələdə mübarizə aparacaq potensial rəqiblərimiz arasında ikisini xüsusilə fərqləndirmək istərdim. E qrupunda Makedoniya təmsilçisi “Veles”in, F qrupunda isə Hollandiyanın “Hovokobo” komandasının daha güclü təsir bağışladığını qeyd edə bilərəm. Təbii ki, bunlar ehtimallardı. Fikrimizi bildiririk, amma nəticənin necə olacağını oyunlar başa çatdıqdan sonra biləcəyik”.

Qolkiper turnirin adının dəyişdirilməsinin iştirakçılar üçün əlavə stimul olacağını bildirib: “Ötən ilə qədər UEFA kuboku adlandırılan yarış indi Çempionlar Liqası adı altında keçiriləcək. Bu da iştirakçı komandalara əlavə stimul verəcək, qalib olmaq üçün motivasiyanı artıracaq”.

Hüseynli “Araz”dan ayrılanlar haqda da danışıb. O, hər bir futzalçının komanda üçün vacib olduğunu vurğulayıb: “Hər bir oyunçu bizim üçün vacibdi. Edu və Qalonun gedişi hiss olunacaq, ancaq onlarsız nəticə qazanmağın mümkünsüzlüyü fikri yaranmamalıdı. Rəhbərlik və baş məşqçi yeni transferlərlə komandanı əvvəlkindən güclü edəcəklər. İstənilən halda, ötənilki nəticənin təkrarlanmasına imkan verməməliyik. Ötən il ardıcıl iki qələbə qazandıq, ancaq “Deva” ilə matçda sanki oyunumuz alınmadı, “qara zolağ”a düşmüşdük. Çempionlar Liqasında isə buna yol verməyəcəyik. Təbii ki, məqsədimiz “Dördlər finalı”na vəsiqə qazanmaqdı”.

Qeyd edək ki, “Araz” oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək əsas mərhələnin qrup oyunlarında yerli “Luçeneç”, ilk mərhələdə E və F qrupunun qalibi olacaq komandalarla qarşılaşacaq. E qrupunda “Veles” (Makedoniya), “Valleta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovokobo” (Hollandiya), “Ridinq” (İngiltərə), “Vitis” (Litva) və “Murata” (San Marino) qüvvəsini sınayacaq.