İyulun 23-dən qabiliyyət imtahanları başlayır


Digərləri 06 İyl 2018 12:01:00 399 0

İyulun 23-dən qabiliyyət imtahanları başlayır

2018/2019-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin (tam və ümumi orta təhsil bazasında) xüsusi qabiliyyət tələb edən ixtisaslarına elektron qeydiyyat başlanıb.

Bakı. İlhamə İsabalayeva - 2018/2019-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin (tam və ümumi orta təhsil bazasında) xüsusi qabiliyyət tələb edən ixtisaslarına elektron qeydiyyat başlanıb. Trend-in məlumatına görə, abituriyentlər DİM-in saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün müvafiq linklərdən istifadə etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq. Qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan V ixtisas qrupu üzrə cari ilin məzunlarının buraxılış imtahanında (əvvəlki illərin məzunlarının 10 iyulda keçiriləcək qəbul imtahanında), I ixtisas qrupu üzrə 20 mayda keçirilmiş (18 iyulda keçiriləcək) qəbul imtahanında topladığı balları DİM tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər keçə bilərlər. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanında ümumi balı 25-dən az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanından (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.