“Çox dəhşətli mənzərə idi, zahı qadınlar dəhlizdə qışqırırdı, həkimlər diz üstə çökmüşdü…” FOTO


Digərləri 05 İyl 2018 22:26:00 318 0

“Çox dəhşətli mənzərə idi, zahı qadınlar dəhlizdə qışqırırdı, həkimlər diz üstə çökmüşdü…”  FOTO

Ölkənin enerji sisteminin sıradan çıxması paytaxtın ən iri tibb müəssisəsi hesab edilən 1 saylı Mərkəzi Klinik Xəstəxana da ("Semaşko") daxil olmaqla əksər xəstəxanaları da  qaranlığa qərq etdi. Məlum oldu ki, xəstəxanaların tam əksəriyyətində, o cümlədən doğum evlərində generatorlar yoxdur, olanlar da işlək vəziyyətdə deyil.

Nəticədə 2 gün ərzində əməliyyat bloklarında iş dayandı, reanimasiyalarda, doğum şöbələrində  problemlər yarandı, süni nəfər aparatları işləmədi. Prezident İlham Əliyev də ölkənin energetika sistemindəki vəziyyətə həsr edilmiş dünənki müşavirədə səhiyyə naziri Oqtay Şirəliyevi yalan danışmaqda ittiham edib və xəstəxanalarda ehtiyat elektrik enerjisinin olmamasına irad bildirib: "Baxmayaraq ki, səhiyyə naziri müşavirədə məlumat verdi ki, bütün xəstəxanalarda generatorlar işləyir, məndə olan informasiyaya görə, bu, həqiqətə uyğun deyil. Bəzi klinikalarda generatorlar işləmir -onlar ya yoxdur, ya da qoşulmamışlar və ya işlək vəziyyətdə deyildilər".

Son.az virtualaz.org-a istinadən bildirir ki, paytaxtın aparıcı dövlət xəstəxanalarında generatorlar həqiqətən işlək vəziyyətdə olmayıb. 1 saylı Kliniki Tibbi Mərkəzin işini itirməmək qorxusu ilə adının açıqlanmasını istəməyən həkimləri həmin günü yaşananları danışıblar. Onların sözlərinə görə, həmin gün telefon işığında 2 doğuş aparılıb, xəstələrə  tikiş qoyulub. Həkimlər öz hesablarına su və şam alaraq xəstələri sakitləşdirməyə məcbur olublar.

"Çox dəhşətli mənzərəydi, zahı qadınlar dəhlizlərə çıxaraq qışqırırdılar. Həkimlər az qala dizlərini yerə qoyub onları sakitləşdirmək üçün yalvarırdılar", -həkimlərdən biri deyir.

Kliniki Tibbi Mərkəzin reanimasiya və əməliyyat blokunda da işıq olmayıb. Həkimlər deyirlər ki, xoşbəxtlikdən əməliyyat blokunda ağır xəstə yox idi, yoxsa hökmən ölüm hadisəsi baş verəcəkdi.

Həmin vaxt küvəsdə olan bir körpə də  təcili özəl xəstəxanaların birinə aparılıb. Həkimlərdən biri deyir ki, 24 ildir bu xəstəxanada çalışır, son 10 ildə xəstəxanada 3-4 dəfə işıqlar sönüb, heç birində də generatorlar qoşulmayıb.  Xəstəxananın cərrahiyyə şöbəsindən isə deyiblər ki, reanimasiyaya işıq verilib, amma təcili yardımla gətirilən yüngül travması olan xəstələr yerli keyitmə ilə şam işığında əməliyyat olunublar. Palatalarda isə işıq olmayıb.

Xəstəxana rəhbərliyi məsələ ilə bağlı danışmayıb, amma qəbul şöbəsindən bildiriblər ki, xəstəxanadakı 4 generatordan üçü işləməyib. Prezidentin müşavirəsindən dərhal sonra xəstəxanaya yeni generator alınıb.  

Sabunçudakı 3 saylı Kliniki Xəstəxanadan isə bildiriblər ki, kriminal hadisələr zamanı yaralananlar və  yol qəzasında xəsarət alanlar daha çox bu xəstəxanaya gətirildiyindən həmin gün hazırlıqlı olublar. Hətta həmin gün digər xəstəxanalardan, xüsusilə özəl klinikalardan onlara xəstə daşınıb.


Xəbərə aid fotolar