İran rejissoru qarşısında əzilən kino adamlarımız


Digərləri 05 İyl 2018 21:25:00 265 0

İran rejissoru qarşısında əzilən kino adamlarımız

Son.az lent.az-a istinadən Sevda Sultanovanın yazısını təqdim edir

Bir neçə gün öncə Dövlət Film Fondunda İran rejissoru Məcid Məcidi ilə kino əhlinin görüşü oldu. Doğrusu, bu cür görüşlərə həvəsli deyiləm. Ona görə həvəsli deyiləm ki, mənim üçün müəlliflə ən isti, səmimi kontakt onun filmləridir.

Tədbirə çox yaxın dostumun istəyi ilə qatıldım. Qatıldığıma da peşman oldum. 

Çünki həmişəki kimi məşhur adama münasibətdə hörmətdən çox, qıcıqlandırıcı heyranlıq göstərdik, dünyaya özümüzün natamamlıq kompleksindən baxdıq.

Görüşdə səslənən suallar arasında ən bərbadı, yersizi bu idi: "Siz hansı Azərbaycan filmlərinə baxmısız"?

Məcidi "Heç bir Azərbaycan filminə baxmamışam" deyəndə, zaldan xəfif narazılıq dalğası keçdi, kimlərsə yerlərində narahatlıqla qurcuxdu. Cavab zala pis təsir elədi. Bir neçə əhəmiyyətsiz sualdan sonra, bir xanım yenə bu söhbətə qayıtdı, rejissora təklif elədi ki, bizim flmlərimizə baxmamısızsa, emailinizi verin, linkləri atım. Zal yenə yüngülcə silkələndi, yenə natamamlıq kompleksinin işartıları sezildi.

Məsələ budur ki, Məcidinin bizim filmlərə baxmaması faciə deyil. Buna görə natamamlıq kompleksinə girmək infantil davranışdır.

İkincisi, əgər baxmayıbsa, bu, onun milli kinoya hörmətsizliyi yox, Mədəniyyət Nazirliyinin kino siyasətinin fiaskosudur. Neft pullarının gur gələn vaxtı bir milli filmimiz nüfuzlu festivallarında (Berlin, Kann, Venesiya festivallarını nəzərdə tuturam - S.S.) ciddi uğur qazanmayıb. Nədən ki, kino festivallardan tanınır daha çox.  

Sonrası, bir qisim kino adamının Məcidiyə xəstəhal  heyranlığı, az qala bir-birinə imkan vermədən foto çəkdirmək ehtirası xoş deyildi. Və sanki görüşə gələn aktyorların, aktrisaların fokusunda, bütün cazibələrini işə salaraq Məcididən filmə çəkilmək təklifi almaq idi.

Məcidi isə olanlardan sıxılır, suallardan darıxırdı, ona görə özünü narahat hiss etdiyini deyəndə, bu, daha çox canını qurtarmaq bəhanəsinə bənzəyirdi.

Tədbirdə yalnız bir praktik, konkret sual səsləndi. Bir cavan oğlanın "Tarixi kino çəkəndə nəyi etməmək lazımdır?" sualına Məcidi əhəmiyyətli cavab verə bilmədi.