Bakıda daha bir küçədə təmir işləri yekunlaşdı


Digərləri 05 İyl 2018 20:59:00 273 0

Bakıda daha bir küçədə təmir işləri yekunlaşdı

Bakının Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində təmir işləri aparılaraq yekunlaşdırılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, küçə boyu asfalt-beton örtüyündə deformasiya və dağılmalar yarandığından avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranırdı. Təmir işləri zamanı bu problemi aradan qaldırmaq üçün asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsası bərpa olunub, yol kənarına 800 paqon-metr uzunluğunda yeni səki daşları düzülüb.

Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Bu çərçivədə 600 kv.m piyada səkisi asfaltlanıb.Küçə boyu 450 metr uzunluğunda yeni su xətlərinin çəkilişindən sonra hərəkət hissənin də asfaltlanması işləri aparılıb. Küçənin 7.5 min kv.m sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, 17 ədəd kommunikasiya xətləri üçün yeni baxış qapaqları qoyulub.

Texnoloji ardıcıllığa riayət edilməklə aparılan təmir-tikinti işlərindən sonra hərəkəti normal təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilib, yol nişanları quraşdırıldıqdan sonra vətəndaşların istifadəsinə verilib.

Avtonəqliyyat vasitələrinin sıxlığının azalmasına hesablanan layihələrin icrası çərçivəsində paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Mir Cəlal küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.

Əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin uzunluğu 1.75 km, eni isə 22 m təşkil edir. Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən hərəkət hissədə deformasiyalar əmələ gəlmişdi.

2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 metr enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 24 m-ə qədər genişləndirilir. Təmir-tikinti işləri çərçivəsində küçənin 830 metrlik hissəsinə yeni asfalt-beton örtük döşənib.