Ehtiyat elektrik təchizatı ilə bağlı "Bakı Metropoliteni" müvafiq işlərə başladı


Digərləri 05 İyl 2018 18:54:00 350 0

Ehtiyat elektrik təchizatı ilə bağlı "Bakı Metropoliteni" müvafiq işlərə başladı

Metropolitenin enerji təminatı, xüsusilə də metro stansiyalarının fövqəladə hallarda lazım olan ehtiyat elektrik təchizatı məsələsi ilə bağlı "Bakı Metropoliteni" QSC-də müvafiq işlərə başlanılıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, təkliflər və görüləcək tədbirlərlə bağlı məsələlər müvafiq dövlət strukturlarının, o cümlədən ölkənin və paytaxtın enerji sektoruna məsul sahələrin rəhbər və mütəxəssis heyəti ilə müzakirəyə çıxarılacaq. Qarşılıqlı fikir mübadiləsi, müzakirələrə və təkliflərə baxılaraq, ümumi konsepsiyanın işlənməsi istiqamətində işlər görüləcək:

"Bakı metropoliteninin perspektiv inkişaf sxeminə uyğun olaraq, yeni xətlərin inşası zamanı bu məsələlər xüsusi nəzərə alınıb. Hazırda iki stansiyası istismarda olan Bənövşəyi xəttin 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyasının inşası da aparılır. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, bütün su xaric qurğularının, bir sözlə, yeni xəttin ilk 3 stansiyasının infrastruktrunun tələb olunan minmal enerji təminatını ödəyəcək.

Ümumiyyətlə, layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq yarımstansiyada qurulacaq iki dizel-generator stansiyası xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlərdə də, eyni qayda ilə, ehtiyat enerji qida mənbələri olacaq".