Enerji təminatı, fövqəladə hallarda lazım olan ehtiyat elektrik təchizatı məsələsi ilə bağlı "Bakı Metropoliteni" müvafiq işlərə başladı


Digərləri 05 İyl 2018 18:01:00 196 0

Enerji təminatı, fövqəladə hallarda lazım olan ehtiyat elektrik təchizatı məsələsi ilə bağlı "Bakı Metropoliteni" müvafiq işlərə başladı

Metropolitenin enerji təminatı, ələlxüsus da metro stansiyalarının fövqəladə hallarda lazım olan ehtiyat elektrik təchizatı məsələsi ilə bağlı "Bakı Metropoliteni" QSC-də müvafiq işlərə başlanılıb.

Bakı. Samir Əli - Metropolitenin enerji təminatı, xüsusilə də metro stansiyalarının fövqəladə hallarda lazım olan ehtiyat elektrik təchizatı məsələsi ilə bağlı "Bakı Metropoliteni" QSC-də müvafiq işlərə başlanılıb. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, təkliflər və görüləcək tədbirlərlə bağlı məsələlər müvafiq dövlət strukturlarının, o cümlədən ölkənin və paytaxtın enerji sektoruna məsul sahələrin rəhbər və mütəxəssis heyəti ilə müzakirəyə çıxarılacaq. Qarşılıqlı fikir mübadiləsi, müzakirələrə və təkliflərə baxılaraq, ümumi konsepsiyanın işlənməsi istiqamətində işlər görüləcək: "Bakı metropoliteninin perspektiv inkişaf sxeminə uyğun olaraq, yeni xətlərin inşası zamanı bu məsələlər xüsusi nəzərə alınıb. Hazırda iki stansiyası istismarda olan Bənövşəyi xəttin 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyasının inşası da aparılır. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, bütün su xaric qurğularının, bir sözlə, yeni xəttin ilk 3 stansiyasının infrastruktrunun tələb olunan minmal enerji təminatını ödəyəcək. Ümumiyyətlə, layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq yarımstansiyada qurulacaq iki dizel-generator stansiyası xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlərdə də, eyni qayda ilə, ehtiyat enerji qida mənbələri olacaq".