Ali Məhkəmə Sevinc Babayevanın oğlunun işini yenidən apellyasiya məhkəməsinə göndərib


Sosial 05 İyl 2018 16:42:08 298 0

Ali Məhkəmə Sevinc Babayevanın oğlunun işini yenidən apellyasiya məhkəməsinə göndərib

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Ali Məhkəmədə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, qərar qismən ləğv edildi, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Apellyasiya şikayətinə yenidən Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, hadisə 2016-cı il fevralın 4-də Bakının Binəqədi rayonunda baş verib. Rayonun Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü A.Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Daha sonra A.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

A.Məmmədov məhkəmədə ifadəsində bildirib ki, hadisəni qısqanclıq zəminində törədib.

O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

A.Məmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.

Xatırladaq ki, A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. Həmin zaman S.Babayeva "İnterpol" xətti ilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra Ali Məhkəməyə müraciət edib.