"Dövlətimiz və cəmiyyətimiz bu çətin sınaqdan üzüağ və şərəflə çıxdı"


Digərləri 05 İyl 2018 15:33:00 266 0

"Dövlətimiz və cəmiyyətimiz bu çətin sınaqdan üzüağ və şərəflə çıxdı"

"Dünyada elə bir dövlət yoxdur ki, təbii fəlakətlərdən, hansısa  qəzalardan sığortalansın. Biz zaman-zaman hətta dünyanın inkişaf etmiş ölkələrində belə təbii fəlakətlərin, qəzaların baş verməsinin, bunun nəticəsində xeyli sayda insanın zərər çəkməsinin şahidi olmuşuq. Lakin bu məqamda əsas olan fəlakətlərin, qəzaların nəticələrinin tez bir zamanda aradan qaldırılması, dövlət orqanları ilə yanaşı, sadə vətəndaşların da həmrəylik nümayiş etdirərək baş verənlərə daha dolğun, kamil şəkildə yanaşmalarıdır. Bir neçə gün öncə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təminatında yaranmış problemlərin tez bir zamanda aradan qaldırılması üçün möhtərəm Prezidentimizin tapşırığı ilə Dövlət Komissiyası yaradıldı, aidiyyəti qurumlar səfərbər edildi. Bununla baş verə biləcək daha böyük problemlərin qarşısı alındı, ölkənin enerji təminatı bərpa edildi."

Son.az xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında ölkənin enerji sistemindəki vəziyyətlə bağlı keçirilən müşavirədə də bu məsələlər ciddi şəkildə müzakirə edildi, dövlətimizin başçısı xüsusi tapşırıqlar verdi: "Ölkəmizin başçısı müşavirədə Dövlət Komissiyasının qarşısında dayanan vəzifələri xatırlatdı və qəzanın səbəblərinin aşkar edilməsinin vacibliyini bildirdi. Qarşıda duran əsas vəzifələrdən biri də görüləcək tədbirlər haqqında təkliflər vermək və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamaqdır. "Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır" deyən möhtərəm Prezidentimiz baş vermiş hadisəyə xüsusi həssaslıqla yanaşır və daim nəzarət edir.  Təbii ki, insanların da bu məsələyə münasibəti xüsusi olaraq vurğulanmalıdır. Son bir neçə gündə Fövqəladə Hallar Nazirliyi və daxili işlər orqanlarının gördükləri təcili və təxirəsalınmaz tədbirlərlə yanaşı, sadə insanlar da bu məsələ ilə bağlı böyük məsuliyyət, əsl vətəndaş həmrəyliyi göstərdilər. Bir sözlə, dövlətimiz və cəmiyyətimiz bu çətin sınaqdan üzüağ və şərəflə çıxdı".