Google keçmişi gələcək edəcək


Digərləri 05 İyl 2018 07:51:00 244 0

Google keçmişi gələcək edəcək

"Google" şirkəti adi knopkalı telefonlar üçün "KaiOS" əməliyyat sisteminin hazırlanması ilə məşğul olan "KaiOS" şirkətinə 22 milyon dollar sərmayə yatırıb. Bunun sayəsində "Google" sadə telefonlar bazarına çıxa biləcək.

Son.az ICTnews-a istinadən bildirir ki, "Nokia", "Micromax", "Alcatel" və başqa şirkətləri tərəfindən çıxarılan mobil telefonlar inkişaf etməkdə olan ölkələrdə milyonlarla insan tərəfindən istifadə olunur. Bəzi qiymətləndirmələrə görə, Hindistanda istifadəçilərin əksəriyyəti "KaiOS" sistemindən istifadə edir. Hazırda "KaiOS" sistemi ilə işləyən qurğuların tədarük həcmi təxminən 40 milyon təşkil edir. Bundan başqa, "TechCrunch" nəşrinin məlumatına görə, hazırda adi mobil telefonların satış həcmi smartfon satışı ilə müqayisədə daha sürətlə artır. "Google"un investisiyası sayəsində şirkət öz xidmətlərini (xəritə, axtarış, "Assistant", "YouTube" və sairə) çoxlu sayda mobil qurğuya inteqrasiya edə biləcək.

"KaiOS" şirkətinin baş direktoru Sebastyan Kodvill öz bəyanatında qeyd edib ki, "Google"un maliyyə yardımı şirkətə "KaiOS" sisteminin idarəetməsi altında işləyən "ağıllı" telefonların hazırlanmasını və qlobal  bazara çıxışını sürətləndirməkdə kömək edəcək".