Bakıda BMT-nin innovasiya və texnologiya üzrə regional seminarı keçirilir


Digərləri 04 İyl 2018 17:45:00 212 0

Bakıda BMT-nin innovasiya və texnologiya üzrə regional seminarı keçirilir

“Dayanıqlı İnkişaf Məqsədləri üzrə innovasiya siyasətləri, texnologiya tətbiqləri və infrastrukturu” mövzusunda potensialın artırılması üzrə regional seminar öz işinə başlayıb.

Bakı. Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Biliklərə əsaslanan inkişaf üzrə İşçi Qrupunun 10-cu iclası və “Dayanıqlı İnkişaf Məqsədləri üzrə innovasiya siyasətləri, texnologiya tətbiqləri və infrastrukturu” mövzusunda potensialın artırılması üzrə regional seminar öz işinə başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Trend-ə verilən məlumata görə, iki gün davam edəcək tədbir NRYTN, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və BMT-nin Avropa üçün İqtisadi Komissiyasının (UNECE) dəstəyi ilə keçirilir. Tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində innovasiya siyasətinin, texnoloji yeniliklərin tətbiqi, infrastrukturun genişləndirilməsi sahəsində bilik və faydalı təcrübə mübadiləsinin aparılması, regional əməkdaşlığın təşviqi məsələləri müzakirə edilir. Bu məqsədlə tədbirdə Mərkəzi Asiya İqtisadiyyatları üzrə İşçi Qrupunun (SPECA) üzv-dövlətlərinin rəsmiləri, BMT-nin qurumlarının nümayəndələri iştirak edirlər. Tədbiri giriş sözü ilə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açıb. Nazir müavini qeyd edib ki, müasir dünyada davamlı inkişaf məqsədlərinə çatmaq üçün innovativ fəaliyyət mühüm əhəmiyyət kəsb edir. E.Vəlizadə bildirib ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da innovasiyalar ölkənin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün prioritet vasitə hesab edilir. “Azərbaycan Respublikasının Prezidenti bu ilin yanvarında Davos İqtisadi Forumunda çıxışında qeyd etmişdir ki, ölkənin gələcək inkişafı innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən asılı olacaqdır.