İngiltərəli fanatlar Rusiyada çempionluğa inanır və Tofiq Bəhramovu xatırlayırlar - REPORTAJ


Digərləri 04 İyl 2018 16:57:12 169 0

İngiltərəli fanatlar Rusiyada çempionluğa inanır və Tofiq Bəhramovu xatırlayırlar - REPORTAJ

"Bizə həmişə deyirdilər ki, o, rusdur"

İngiltərə yığmasının azarkeşləri ölkə yığmasının məhz Rusiyada ikinci dəfə dünya çempionu ola biləcəklərinə inanırlar.

"Report"un Rusiya bürosu xəbər verir ki, bu əminlik onlarda Kolumbiya yığmasını üstələdikləri1/8 final matçından sonra daha da artıb. Onlar bütün İngiltərədən gənc komandanı dəstəkləməyi xahiş edirlər.

Görüşdən əvvəl isə minlərlə ingiltərəli fanat Moskvaya axın etməyə başlamışdı. Tərəfdarlar Britaniya mətbuatının Rusiyada təhlükənin ola biləcəyinə dair xəbərdarlığına, sadəcə, məhəl qoymamışdılar. Üstəlik, azarkeşlərin çoxu inanırdı ki, məhz Rusiyada onları 1966-cı ildə qazandıqları uğurun təkrarı gözləyir. Futbolun yaradıcıları həmin vaxt ilk və yeganə dünya çempionluqlarını əldə etmişdilər.

London sakini Pol deyirdi ki, məhz rusiyalı onları dünya çempionu edib: "Biz Ceffri Herstin "qızıl qol"unu və qolu hesaba alan rusiyalı hakimi xatırlayırıq. Deməli, Rusiya bizim üçün düşərli ölkədir".

"Almaniya yığması ilə final matçında qolun olduğunu bildirən yan xətt hakimi əsla rusiyalı yox, azərbaycanlı Tofiq Bəhramov idi" iradımızdan sonra o, təəccüblə əllərini göyə qaldırdı və soruşdu: "Bizə həmişə deyirdilər ki, o, rusdur. Məgər Sovet İttifaqında qeyri-ruslar yaşayırdılar?"

Tarixi və coğrafi məlumatsızlığını aradan qaldırdıqdan sonra Pol üz istədi. O,vəd etdi ki, Azərbaycan barədə daha çox informasiya toplayacaq və Bakıya səfərə gələcək.

Mançesterli Nik və Stiv yaşlı nəslin nümayəndələridirlər. Onlar çox vurğun insanlardırlar. Deyirlər ki, arağı yox,pivəni sevirlər. Onların da Tofiq Bəhramova həssas münasibətləri var: "Biz onu sevirik. O, simpatiya bəsləniləsi insan və bizim qəhrəmanımızdır! Demək olar ki, elə Herst qədər sevirik".

Komplimentlərdən bəndənizə də pay düşdü. Mənim Tofiq Bəhramova oxşadığımı dedilər.

Onlarla yeni VAR sisteminə dair müzakirə də apardıq. İngilislər fəlsəfi formada dedilər: "Əlbəttə, bu, ədalətli sistemdir. Lakin biz onu sevmirik. O, diqqəti oyundan yayındırır. Bundansa ədalətli və təcrübəli hakimlər olsaydı, səhvlər də olmazdı".

"Tottenhem"in azarkeşi Cefri və Maykl isə başqa fikir səsləndirdilər. Onların fikrincə,futbol bütün insanlıqlarla birgə inkişaf edir. Maykl dedi: "Qolun olub-olmadığını dəqiq bilmək pisdir? Bunu yeni texnika üzə çıxarırsa, niyə də yox?! İstənilən şəxs, hətta Bəhramov kimi əfsanə də səhv edə bilər".

Ceffri isə azərbaycanlı laynsmanı xatırladığını söylədi: "İngilislər təbiətcə xeyirxah insanlardırlar. Bilirəm ki, kraliçamız Bəhramova həmin oyundan sonra mükafat hədiyyə etmişdi".

Onlar əvvəlki həmsöhbətlər kimi optimist deyildilər və hesab edirdilər ki, artıq heç olmasa,yarımfinala çıxmaq və Rusiya ilə qarşılaşmaq pis olmazdı: "Sonrasını özümüz görəcəyik. Bəlkə tale bizə ikinci çempionluq ulduzu hazırlayıb? Buna inanmaq istərdik".

Qeyd edək ki, İngiltərə yığması 1/4 finalda İsveç yığması ilə qarşılaşacaq. Görüş iyulun 7-də Samarada keçiriləcək.