Azərbaycanda daha sərfəli alternativ nəqliyyat yanacağının satışına başlandı


Digərləri 04 İyl 2018 16:13:00 256 0

Azərbaycanda daha sərfəli alternativ nəqliyyat yanacağının satışına başlandı

"SOCAR PETROLEUM" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Hövsan yolunun başlanğıc hissəsində, Baku-Bus MMC-nin yaxınlığında istehlakçılar üçün sıxılmış təbii qaz (STQ - beynəlxalq miqyasında CNG, yəni "Compressed Natural Gas") məntəqəsini istifadəyə verib.

"SOCAR PETROLEUM"dan Son.az-a verilən məlumata görə, bununla da şirkət Azərbaycanın pərakəndə yanacaq satışı bazarında ilk dəfə olaraq müştərilərə qiymət baxımından daha sərfəli olan alternativ nəqliyyat yanacağı kimi STQ satışına başlayıb. Yanacağın bir kubmetri 0.45 AZN təşkil edir.

Avqust-sentyabr aylarından başlayaraq "SOCAR PETROLEUM"a məxsus Sabunçu rayonu, Sabunçu dairəsinin cənub-qərb hissəsindəki, Xətai rayonu, Babək prospektidəki, Nobel prospektindəki, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yolunun sağ tərəfindəki yanacaqdoldurma məntəqələrində STQ-ın satışı həyata keçiriləcək. Cari ilin sonunadək bu sıraya Bibiheybət məscidinin yanındakı, Bakı-Salyan şosesinin 70-ci km-dəki, Bakı-Qazax yolunun sağ tərəfindəki, Bakı-Salyan şosesinin 70-ci km-dəki, Bakı-Ələt yolunun sol tərəfindəki, Bakı-Quba yolunun 28-ci km-dəki, yolun sağ tərəfindəki yanacaqdoldurma məntəqələri də əlavə olacaq.

Yeni alternativ yanacaq növünün təqdim etməkdə məqsəd sənaye, inşaat, turizm, təchizat kimi sektorlarda fəaliyyət göstərən qurumların yanacaq ehtiyaclarını ən ekonomik formada qarşılamaqdır: "Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır. Bu baxımdan iqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması istiqamətində atılan addımlardan biri də STQ-ın istehsalının, satışının və istifadəsinin "SOCAR PETROLEUM" QSC tərəfindən həyata keçirilməsidir."

Hazırda Bakı şəhərində ictimai nəqliyyat fəaliyyəti göstərən "BakuBus" MMC-yə məxsus "IVECO" markalı müasir tipli nəqliyyat növü olan avtobuslar "SOCAR PETROLEUM" QSC-nin Zığ-Hövsan Terminal stansiyasında istehsal olunmuş STQ ilə işləyirlər.