Plastik qablardan gələn təhlükə


İdman 04 İyl 2018 16:00:00 373 0

Plastik qablardan gələn təhlükə

Plastik əşyaların zərəri daimi mübahisə mövzularından biridir. Maddi baxımdan ucuz və istifadəsinin praktik olması plastikə olan tələbatın əsas artma səbəblərindəndir.  İnsan orqanizminə, canlılara və təbiətə zərər verən plastik məhsulların istehsalı ilə paralel, istifadəsini qadağan edən ölkələrin də sayı artmaqdadır. Belə bir deyim var: "Ziyanın yarısından da qayıtmaq xeyirdir". Bunu düşünən ölkələr arasında ABŞ (San-Fransisko, Los Anceles, Santa Monika, Massaçusets ştatları) Fransa və Mərakeşin adını çəkmək olar. Ümumilikdə isə, 40 ölkədə plastik məhsulların istifadəsi məhdudlaşdırılıb.

Layihə: Ekologiya və ətraf mühitin qorunması

 

 Plastikin insan orqanizminə zərərləri nələrdir? 

Plastmasın tərkibi iki qarşılıqlı birləşməyə girən və qarışmayan maddələrdən ibarətdir. Hazırlıq prosesində polimerdən başqa, materiala polimerin axıcılıq temperaturunu aşağı salan doldurucular, plastifikatorlar və onların köhnəlməsinin qarşısını alan stabilləşdiricilər, həmçinin rənglər əlavə olunur. Əsasən, gündəlik tələbat məhsullarında, qablaşdırmada, borularda, oyuncaqların hazırlanmasında istifadə olunur. Polietilenin tərkibində olan A bisfenolu həyati təhlükə daşıyır. BPA adı ilə tanınan maddənin orqanizmdə astma, xərçəng şişlərinin inkişafı, ürək-damar və endokrin sisteminin iş pozğunluqları və hətta 2-ci tip şəkər xəstəliyinin inkişafı üçün katalizator rolu oynadığı rəsmi olaraq sübut olunub.

Terapevt - Qastroenteroloq Mətanət Cəfərova qəzetimizə açıqlamasında plastik su qablarının təkrar istifadəsi hallarının yolverilməz olduğunu bildirib: “Birdəfəlik istifadə üçün nəzərdə tutulsa da, su qablarında sonradan süd, qatıq, turşu tərkibli məhsulların saxlanması hallarını müşahidə edirik. Bu zaman plastik qabların tərkibində olan kimyəvi maddələr aktiv hala keçir və qidaya qarışır. Həmin qida yeyildikdə insan orqanizmində zərərli maddələr toplanır. Təkrar istifadəni risqli edən, həm də onların hansı yolla əldə olunması məsələsidir. Çünki, bəzi hallarda həmin qablar zibilliklərdən yığılır. Plastik qab deyərkən, biz sadəcə su qablarını deyil, eyni zamanda, birdəfəlik istifadə olunan çəngəl, qaşıq, bıçaq, boşqab və stəkan kimi əşyaları da nəzərdə tuturuq. Dispenserlərdə qoyulan plastik stəkanlardan yalnız soyuq su içmək üçün istifadə edilməlidir. Həmin stəkanların isti çay, yaxud kofe üçün istifadə edilməsi yolverilməzdir. Yüksək istilik nəticəsində toksik maddələr çaya, kofeyə qarışır və birbaşa orqanizmə daxil olur. Plastik qablarda olan əsas təhlükəli maddə polivinil xloriddir ki, o təkrar istifadə və istilik nəticəsində konseregen maddəyə - vinil xloridə çevrilir. Bu qablardan davamlı istifadə bir müddət sonra ciddi fəsadlara gətirib çıxarır. Nəticədə insanlar xərçəng xəstəliyinə tutulur”.

Mütəxəssis insanları yay aylarında xüsusi ilə diqqətli olmağa çağırır: “Xüsusilə, yay aylarında plastiklərdən istifadə qətiyyən məsləhət görülmür. Yayda sudan çox istifadə olunur. Plastik qabların isə xüsusi saxlanma temperaturu var. Çox vaxt bu şərtlərə əməl olunmur. Yəqin ki, hamımız birbaşa günəş şüaları altında su satıldığına şahid olmuşuq. Şüşə qablara üstünlük verilməlidir, onların təkrar istifadəsinin ziyanı yoxdur. Uşaqlar üçün olan qabların da böyük əksəriyyəti plastikdən hazırlanır. Valideynlərə şüşə qablara üstünlük vermələrini məsləhət görürəm”.

Plastik qablardan geniş istifadə olunan hallardan biri də turşuların qablaşdırılması və satışıdır. Mətanət Cəfərova ev şəraitində kustar üsulla turşu hazırlayarkən qabın şüşə olmasının vacibliyinə diqqət çəkir: “Açıq bazarlarda, marketlərdə turşular plastik qablarda satılır. Bu həm istilik baxımından, həm də turşunun plastikdə olan kimyəvi maddələrlə təmasa girməsi ilə nəticələnir. Supermarketlərdə ağartı məhsulları – xama, şor, qaymaq və s. qidalar da plastik qablarda satılır. Yaxşı olar ki, evə çatdıqda məhsulun qabı dəyişdirilsin.  Əks halda, bu qidalar davamlı qəbul edilikdə, müəyyən müddətdən sonra orqanizmdə mədə-bağırsaq xərçənginin yaranması ilə nəticələnir”.

 

 Plastik qabların ekologiyaya vurduğu zərərlər 

Dəniz sahilində, yol kənarlarında, parklarda görməyə öyrəşdiyimiz plastik qab və torbalar xoşagəlməz görüntü ilə yanaşı, sağlamlığımıza ciddi təhlükə yaradır; dənizlərdə, okeanlarda isə canlılar üçün problemə çevrilir. Durumu daha pis edən bunun bumeranq şəkil almasıdır. Dənizə (okeana) atılan plastik tullantı yediyimiz balıqla birlikdə önümüzə qoyulur.

Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Sadəcə, bir plastik qabın təbiətdə əriyərək “yox olması” üçün isə 450-500 il vaxt lazımdır. Yarım əsrdən sonra da plastik məhlul torpağa qarışıraq onu çirkləndirməyə davam edir. Bu isə bizim gələcək nəsillərə ekoloji baxımdan çirkli dünya buraxacağımız anlamına gəlir.

Plastik qablar hər il 120 milyon ton əlavə tullantının yaranmasına səbəb olur. Plastik məhsulların yandırılması ilk baxışdan yaxşı fikir kimi görünə bilər, ancaq bu havaya zərərli maddələr buraxılması baxımından təhlükəlidir. Okeana atılan tullantıların 90 faizi də məhz plastikin payına düşür. Bu, öz təsirini dəniz canlılarının ölüm sayının artmasında göstərir. Hər il 1 milyon dəniz quşu, 100 min dəniz məməlisi və dəniz tısbağası plastik kirliliyinə görə ölür.

Son günlərdə “National Geographic” jurnalı da insanları plastikdən imtinaya səsləyən paylaşımlar edir. Nəşrin yayımladığı fotolar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Dənizdə su üzərində aysberq kimi görünən, suyun altında isə polietilen torba olduğu göstərilən foto ilə okean tullantılarının böyük hissəsinin plastik əşyalar olmasına diqqət çəkilir. Başqa bir fotoda isə polietilen torba qutan quşunun bütün bədənini bürüyüb. Quşcuğaz dimdiyi ilə torbanı deşərək nəfəs ala bilir. Jurnalda nümayiş olunan bu 2 foto plastik torbaların nə qədər təhlükəli olmasına bariz nümunədir. “Greenpeace” təşkilatının (dünyada təbiəti mühafizə edən birlik) çağırışları da son günlər nəticəsini verməyə başlayıb.

Artıq bəzi aparıcı şirkətlər ekoloji çirklənmənin qarşısını almaq və təkrar istehsal üçün qabları geriyığma kompaniyasına başlayıb. Nümunə kimi, məşhur şampun brendi “Head and Shoulders”in marketlərdə geriyığım qutusu yerləşdirməsini göstərmək olar. Amerika şirkəti bu addımı atmaqla puluna qənaət etməklə yanaşı, təbiətə atılan tullantıların azalmasına şərait yaradır.

 

Ölkəmizdə plastik tullantılarla bağlı görülən tədbirlər Yaşıl fikirlə sağlam gələcəyə!”

 Son günlərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) plastik tullantılara qarşı tədbirlərə başlayıb. Qurum insanları plastikin zərərli tərəfləri ilə bağlı məlumatlandırmaqla yanaşı, ekologiyanı qorumaq üçün əməli tədbirlərə də start verib. Parklarda və yol kənarlarında plastik tullantıların yığılması üçün xüsusi konteynerlər yerləşdirilib. Sevindirici digər məqam, bu prosesin paytaxt Bakı və böyük şəhərlərlə məhdudlaşmamasıdır. Yaxın günlərdə, Mingəçevir, Daşkəsən, Masallı və Salyan rayonlarında da plastik tullantıların toplanması üçün konteynerlər yerləşdiriləcək.

Plastik qabların təkrar emalı dedikdə, ondan qida sənayesi üçün nəzərdə tutulmayan daşıma vasitələrinin istifadə olunması nəzərdə tutulur. Tullantılardan meyvələrin daşınması üçün taralar, gül qabları, yumurtanın daşınması üçün qablar, kanalizasiya boruları və s. əşyalar hazırlanır.

ESTN-nin təşəbbüsü ilə polietilen torbalardan və plastik butulkalardan istifadənin azaldılması istiqamətində aparılan maarifləndirici layihələr çərçivəsində “Yaşıl fikirlə sağlam gələcəyə!” devizi altında bir neçə marketdə keçirilən aksiyada alıcılara eko çantalar paylanılıb. Məsələ burasındadır ki, plastik torbaların təkrar emalı  çox çətindir. Plastik torba, çanta və çubuqların 33%-i bir dəfə istifadədən sonra atılır. Onları istehsal edən sektor həmin məhsulları yenidən geri almaq istəmir.

 

“Təmiz Şəhər” 

Paytaxt Bakı ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini 2009-cu ilin martından fəaliyyətə başlayan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti  həyata keçirir.

“Təmiz Şəhər” ASC-yə aid tullantıların çeşidlənməsi zavodunda paytaxtdan toplanmış tullantılar - kağız, şüşə, plastik, metal və s. formada ayrı-ayrı yığılır. Daha sonra onlardan xammal kimi istifadə edərək yeni məhsullar hazırlanması üçün müxtəlif təkrar emal müəssisələrinə göndərilir.

Təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə Prezident İlham Əliyevin 2011-ci il dekabrın 28-də imzaladığı Sərəncam əsasında Balaxanı Sənaye Parkı (BSP) yaradılıb. BSP-də işlənmiş mühərrik yağlarının, tullantı plastik qabların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri ayırılıb.

 

Plastikdən istifadəni necə azaltmaq olar?

Yüngül, uzun müddət istifadəlik qabiliyyətini saxlayan və qiymət baxımından sərfəli olan plastikdən imtina etmək asan olmasa da, mümkünsüz də deyil. Bunun üçün aşağıdakı təklifləri sınaqdan keçirməyə dəyər:

  • Yanınızda təkrar istifadə edilən şüşə qab olsun. Bununla, həm plastikdən istifadəyə son verəcəksiniz, həm də pulunuza qənaət etmiş olacaqsınız. 1 şüşə qabın təkrar istifadəsi, ildə 240-dan artıq plastik qabın satın alınmasının və istehsalının qarşısını alar.
  • Plastik borucuqlara “yox” deyin. İçəcək sifarişi verərkən, bu cür borucuqlara həqiqətən ehtiyacınızın olub-olmadığını düşünün.
  • Fincanınızı çantanızda daşıyın. Bəzi kafelərdə öz fincanınızla sizə endirim edilməsi heç də pis motivasiya sayılmaz.
  • İstənilən alış-verişdə plastik torbalardan uzaq durum. Plastik torba istifadə etməmək üçün özünüzlə parça və ya kağız çanta götürün.
  • Plastik qab-qacaq işlətməyin. Evə yemək sifariş edərkən kafe və ya restorana plastik qab istəmədiyinizi bildirin. İş yerinizdəki siyirtmədə mini yemək dəstiniz olsun
  • Hər hansı məhsulu satın almadan etiketlərinə nəzər yetirin. Tərkibində polietilen (PE), polipropilen (PP), polietilen tereftalat (PET), polimetil metakrilat (PMMA), politeirafloroetilen (PTFE) ve neylon olan məhsulları almaqdan imtina etməyə çalışın.

 

Ölkəmizdə yeni başlasa da, dünya ölkələrində polietilen torbalara və plastiklərə qarşı uzun müddətdir mübarizə aparılır. Təəssüflə qeyd etməliyik ki, aparılan mübarizələrə baxmayaraq,  istənilən nəticə hələ ki əldə olunmayıb: İnsanlar plastikdən hazırlanan məhsullara üstünlük verməyə davam edirlər. Unutmayaq, öncə öz sağlığımız, sonra da yaxın çevrəmizin, təbiətin, canlıların yaşaya bilməsi üçün plastiklərdən, polietilen torbalardan, pet qablardakı içki və qidalardan uzaq durmalıyıq. Çünki sağlamlıq bəşər övladına tanrı tərəfindən verilən ən qiymətli nemətdir. Bu neməti qorumaq insanların öz əlindədir.

 

Zeynəb Əliyeva

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün