4 iyul tarixində Bakı metrosu fəaliyyət göstərmədiyindən avtobuslar xüsusi rejimdə işləyəcək


Digərləri 04 İyl 2018 08:34:00 414 0

4 iyul tarixində Bakı metrosu fəaliyyət göstərmədiyindən avtobuslar xüsusi rejimdə işləyəcək

03 iyul 2018-ci il tarixində Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişdə məhdudiyyətlər yaranıb. Nəticədə iyulun 3-ü axşam saat 19 radələrində Bakı Metropoliteninin stansiyalarında qatarların hərəkəti dayanıb.

Son.az bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi və "Bakı Metropoliteni" QSC-nin birgə yaydığı məlumatda deyilir.

Qəfil artan sərnişin sıxlığının aradan qaldırılması, əhalinin rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri tədbirlərin icrasına başlanılıb.

Paytaxt ərazisindəki bütün müntəzəm marşrut xətlərinin fəaliyyəti xüsusi rejimə keçirilib və sərnişinlərin ödənişsiz daşınmasına başlanılıb. Bütün metrostansiyalarının çıxışları, eləcə də Nəqliyyat Mübadilə Mərkəzləri və əhalinin cəmləşdiyi digər ərazilər müvafiq marşrut xətləri üzrə əlavə nəqliyyat vasitələri cəlb edilib.

Nəzərdə tutulan tədbirlərin vaxtında və qüsursuz icrasını təmin etmək üçün Bakı Nəqliyyat Agentliyinin mobil qrupları da fəaliyyət göstərib. Görülən təcili və təxirə salınmaz tədbirlər sayəsində qısa vaxtda metro stansiyaları ətrafında yaranan sərnişin sıxlığı aradan qaldırılıb. Həmçinin Sumqayıt şəhərinə gedən sərnişinlərin daşınması məqsədi ilə 20 yanvar dairəsindən birbaşa marşrut xətti təşkil edilib.