Məcid Məcidi: "İran da elə Azərbaycan deməkdir..."


Kriminal 03 İyl 2018 21:05:00 275 0

Məcid Məcidi: "İran da elə Azərbaycan deməkdir..."

27 iyun-1 iyul tarixlərində ölkəmizdə "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və islami irşad Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəni Mübadilə Proqramı"na əsasən İran İslam Respublikasının Mədəniyyət Günləri böyük uğurla baş tutdu.

Mədəniyyət Günlərinin kino bölümünün qəhrəmanı dünyaşöhrətli rejissor Məcid Məcidi idi. Ayın 28-də "Nizami" Kino Mərkəzində onun 7 ilə ərsəyə gətirdiyi "Məhəmməd. Allahın elçisi" ekran əsərinin Bakı premyerası keçirildi. Ertəsi gün isə ağayi Məcidi ilə Dövlət Film Fondunda yaradıcı görüş oldu. Rejissor zala toplaşan kino sənətçilərinə yaradıcılığa Maxmalbafın filmlərində kinoaktyor kimi başlamağından, lakin ekranda görünən adamın populyarlığından sıxıldığı və öz dünyasını yaratmaq əzmində olduğu üçün rejissorluğa üz tutmasından, ayrı-ayrı filmlərinin yaranma tarixçələrindən, adi həyatda özünü Məcid Məcidi kimi aparmamasından, çox sadə ailə başçısı olmasından, şəxsiyyət və yaxşı sənətkar anlamlarından və bir çox digər duyğu, təəssürat, qənaətlərindən bəhs etdi.

Azərbaycan tamaşaçısının onun filmlərini bu qədər yaxşı tanımasından çox məmnun olan və hətta buna bir qədər təəccüblənən Məcidi ölkəmizə ikinci səfəri olmasına baxmayaraq, bir dənə də olsun Azərbaycan filmini görmədiyini təəssüflə etiraf etdi və mütləq bu boşluğu aradan götürəcəyinə söz verdi. 

Görüşdən sonra rejissorla yalnız blits-müsahibə alınmaq imkanı var idi. Və biz də bu imkandan istifadə etdik.

S.B. - Dediniz ki, yaxşı sənətkar olmaqdan ötrü insan ilk növbədə yaxşı şəxsiyyət olmalıdır. Bu mətləbi bir qədər də incələsək, nə əlavə edərdiz?

M.M. - Yaxşı şəxsiyyət olmaq Allahın bizə bəxş etdiyi insanpərvər keyfiyyətləri qoruyub saxlamaq bacarığıdır. Bir insan əgər bunun öhdəsindən gələ bilmirsə, onun yaradıcılığı digər insanlara nə verə bilər?... Çünki belə cəhətlər tanrının bizə verdiyi sərmayədir. Biz bu sərmayəni itirsək, boşluğa yuvarlanarıq. Humanizm oksigen kimi bir şeydir. Oksigen azaldığında tənəffüsümüzlə nə baş verirsə, dünyaya, insanlara sevgi azalanda da o hal baş verir...

S.B. - Uşaqlar üçün çəkdiyiniz filmlər haqqında uşaqların özlərindən hansı fikirləri, nə kimi təəssüratları eşitmisiz?

M.M. - Uşaqlar həmin filmlərdən çox təsirlənirlər. Təəssüf ki, bir çox dəyərlər dəyişib - uşaqlar indi daha məsuliyyətsiz böyüdülür. Bu dərəcədə real həyatdan ayrılma onların tam şəxsiyyət kimi yetkinləşməsində əngəldir. Amma təbii ki, həyat dərslərini anlamaq, ya da heç olmasa anlamağa cəhd edən uşaqlar da var. Və belə uşaqlar, yeniyetmələr mənim filmlərim haqqında müvafiq təəssüratlarını bölüşməyi bacarırlar.