Əli Əhmədov: "Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində fəal işlər aparılmalıdır"


Digərləri 03 İyl 2018 14:03:00 287 0

Əli Əhmədov: "Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində fəal işlər aparılmalıdır"

Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, memorandumu Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Sy imzalayıblar. Memorandumun imzalanmasında məqsəd Azərbaycan ilə Federasiya arasında qarşılıqlı maraq doğuran sahələrdə əməli əməkdaşlığın genişləndirilməsi üçün münbit şəraitin yaradılmasıdır.

Əli Əhmədov bildirib ki, Azərbaycanla Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında dərin köklər mövcuddur.

Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Bildirib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub və 1 milyondan çox soydaşımız yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb. Ermənistanın ölkəmizə hərbi təcavüzü və torpaqlarımızın işğalı nəticəsində meydana çıxan ağır humanitar böhranın həllində və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafında Federasiyanın xidmətləri var. O, qurumun Azərbaycana fəal surətdə göstərdiyi dəstəyin hökumətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

"Məcburi köçkünlərin sosial-iqtisadi və yaşayış durumunun yaxşılaşdırılması ölkəmizin humanitar ölçüdə müəyyənləşdirdiyi əsas prioritet sahələrdəndir", - deyən Baş nazirin müavini bu gün əhalinin həssas təbəqəsi sayılan qaçqın və məcburi köçkünlərə yardım göstərilməsi və onların müdafiəsinin təmin edilməsində dövlətimiz tərəfindən genişmiqyaslı işlərin görüldüyünü diqqətə çatdırıb.