DÇ-2018: 1/4 finala son vəsiqələrin sahibləri müəyyənləşəcək


İdman 03 İyl 2018 09:44:00 375 0

DÇ-2018: 1/4 finala son vəsiqələrin sahibləri müəyyənləşəcək

Bu gün futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulacaq.

Goal.az xəbər verir ki, ilk olaraq İsveç və İsveçrə komandaları qarşılaşacaq. 

İsveç F qrupunda Meksika, Almaniya və Cənubi Koreya ilə mübarizə aparıb. Komanda qrup mərhələsinin ilk matçında Cənubi Koreyanı 1:0 məğlub etsə də, II turda Almaniyaya 1:2 hesabı ilə uduzub. Avropa təmsilçisi son turda Meksikanı 3:0 hesabı ilə üstələyib.

İsveçrə isə Braziliya, Kosta-Rika və Serbiya ilə birgə E qrupunda mübarizə aparıb. İlk turda Braziliya ilə 1:1 hesabı ilə heç-heçə edən komanda, ikinci turda Serbiyanı 2:1 hesabı ilə məğlub edib. Avropalılar son turda isə Kosta-Rika ilə heç-heçə edib - 2:2.

İsveç və İsveçrə yığmaları ilk dəfə 1920-ci ildə üz-üzə gəliblər. Bu vaxta qədər 28 dəfə üz-üzə gələn avropalılar dünya çempionatları tarixində ilk dəfə qarşılaşacaqlar.

Günün digər oyununda isə Kolumbiya və İngiltərə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.

G qrupunda Belçika, Tunis və Panama ilə mübarizə aparan ingilislər üç oyunun ikisində qələbə qazanıb və bir qarşılaşmada uduzub. Komanda ilk turda Tunisi 2:1, II turda isə Panamanı 6:1 hesabı ilə məğlub edib. 1 qat dünya çempionlarıı son turda Belçikaya 0:1 hesabı ilə uduzublar.

Kolumbiya isə Yaponiya, Seneqal və Polşa ilə birlikdə H qrupunda çıxış edib. Cənubi amerikalılar ilk turda Yaponiyaya 1:2 hesabı ilə uduzsalar da, II turda Polşanı 3:0, III turda isə Seneqalı 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar.

İngiltərə və Kolumbiya yığmaları dünya çempionatları tarixində ikinci dəfə qarşılaşacaqlar. Komandalar ilk dəfə 1998-ci il mundialında üz-üzə gəliblər. Sözügedən qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

DÇ-2018

1/8 final

3 iyul

18:00. İsveç - İsveçrə

Hakim: Damir Skomina (Sloveniya)

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

22:00. Kolumbiya - İngiltərə

Hakim: Mark Qeyqer (ABŞ)

Moskva, "Spartak" stadionu