Pantomim Teatrı Sevgililər Günündə “d`DORİAN” çaldı


Kriminal 02 İyl 2018 19:36:00 283 0

Pantomim Teatrı Sevgililər Günündə “d`DORİAN” çaldı

Tənhalığa dözməyin və qovuşun!

Qadın: - Sizə soyuqdur? Üşüyürsüz? Əlləriniz donub? Kişi: - Bilmirəm, gərək soruşum... Qadın: - Olar mən soruşum? Kişi: - Onlar mənə lazımdır... Qadın: - Qorxmayın, isidib qaytaracam əllərinizi... Kişi əllərini ona uzadır. Qadın: -İstəyirsiz əllərinizi isidim? Kişi: -İstəyirəm... Qadın: - İstəmək azdı. Gərək cəhd edəsən...İsti bir xatirəniz yoxdu?  Bunu deyib onun əllərini nəfəsi ilə isitməyə başlayır. Eyni zamanda onların birlikdə olduqları xoşbəxt günlərdən birində kişinin qadının əllərini isitməsi səhnəsi canlanır... Yenidən soyuq, kimsəsiz küçə və onların qəribə görüşünə dönürük... Qadın: - İsindiz? Kişi: - Bu sizdə yaxşı alınır...

Bu onun ayrılıq sınağından sonrakı etirafıdır. Ayrılmalarının da səbəbi üşümək olub...  Dövlət Pantomim Teatrı yeni eksperiment, yoxlama kateqoriyalı növbəti səhnə əsərini təqdim etdi. Özü də 30 iyun - Milli Sevgililər Günündə. Özü də çox layiqli tərzdə. Teatrın baş rejissoru, xalq artisti Bəxtiyar Xanızadənin "d`Dorian" (musiqi ladlarından biridi) adlandırdığı səhnə əsərinin quruluşçu rejissorları əməkdar artist Nargilə Qəribova və Vüsal Rzasoy, plastik həll və rəssam işi N.Qəribova, V. Rzasoy, şeirlərin müəllifləri əməkdar incəsənət xadimi Rəhman Əlizadə, N.Qəribova, V.Rzasoydur. 

Və qovuşdular...

Onlar bir-birini görüblər, bəyəniblər, bələd olub daha da bəyəniblər, vurulublar və seviblər... Amma kişi-qadın münasibətlərinin böhran dövrünü keçə bilməyiblər. Bunda kişinin yaradıcı insan - musiqiçi olması da əlavə əngəl törədib - yaradıcı böhran şəxsi böhrana qarışıb... Və budur... Payız fəsli, şəhərin küçələrindən biri, küçə musiqiçisi olan gözü qara eynəkli, əynində nimdaş plaş, üzünü-başını saş-saqqal basmış gitaraçı (Vüsal Rzasoy). Gənc qadın (Nargilə Qəribova) yol ötərkən ayaq saxlayır, geri dönüb onun qarşısına əskinas atır. Sonra nəzərini gitaraçının ətrafına səpələnmiş kağız qırıntıları cəlb edir. Qırıntıları toplayır. Kişi kağız parçalarını onun əlində qamarlayıb təzədən asfaltın üstünə səpələyir və deyir: "Toplamayın, lazım deyil, bunlar mənim kədərimdir, parça-parça edib səpələmişəm ki, dağılıb getsinlər, bir yerdə toplanıb qalmasınlar". Onda qadın da çantasından bir məktub çıxarıb parça-parça edib asfaltın üstünə səpələyir. Onlar bir-birinə tənhalıqlarından bəhs edirlər. İkisi də bir-birini tanıyıb, amma bunu hələ ki büruzə vermirlər. Yuxarıda qeyd etdim ki, onların ayrılmalarının da səbəbi üşümək olub. Qadın küçə musiqiçisi ilə sağollaşıb getmək istəyəndə Kişi "Sevilirsən" mahnısını oxuyur və "razvyazka" baş verir. Kişi qadının onun qapısını heydən-halətdən düşənə qədər döyməsini cavabsız qoymasını birlikdə olmalarından günlərin bir günü üşüməyə başladığı üçün "əllərinin donması, elə donması ki, qapının cəftəsini yerindən tərpədə bilməməsi ilə izah edir. Əlbəttə, səhnədəki qapı maketi əslində şərti detaldı, söhbətin ürək qapısından getməsinə eyhamdır. Bu qapının döyən və onu açacaq əllərin hərarətinin uyğunluğu üçün aradan zaman keçməli və bu görüş baş tutmalıymış, onlar bir-biri haqqında bir-birinə üçüncü şəxs haqqında danışırmış kimi bəhs etməliymişlər ki, anlaşma və deməli doğmalaşma baş versin. Və ya doğmalaşmanın baş verdiyini anlasınlar. Əsas o idi ki, bir-birinin xiffətini çəkən, özünü son dərəcə tənha hiss edən bu iki şəxs (Qadın: "Siz məndən daha az tənhasız, çünki dərdinizi bölüşməyə gitaranız var, mənimsə heç nəyim, heç kəsim yoxdu...") bu ali məqamı ötürmədilər, buna görə də yenidən mehriban cütlüyə çevrildilər...