Şahdəniz2 layihəsi çərçivəsində Türkiyəyə qazın nəqli başlandı


Digərləri 02 İyl 2018 11:47:00 239 0

Şahdəniz2 layihəsi çərçivəsində Türkiyəyə qazın nəqli başlandı

Şahdəniz konsorsiumu - BP (operator), SOCAR, TPAO, PETRONAS, LUKOYL, NİCO və SGC, Şahdəniz-2 layihəsi çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinin başlandığını elan edir.

Son.az xəbər verir ki, "BP-Azerbaijan"dan Trend-ə verilən məlumata görə, Şahdəniz-2 layihəsi təhlükəsiz qaydada, qrafikə uyğun və büdcə daxilində həyata keçirilir və Türkiyəyə qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi 30 iyun 2018-ci ildə başlayıb.

Şahdəniz-2 ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq yeni Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Sabit ən yüksək hasilat zamanı bu layihənin mövcud hasilat həcmlərinə ildə 16 milyard kubmetr (mlrd.kubmetr/il) qaz əlavə edəcəyi gözlənilir. Şahdənizin ümumi hasilatının isə birinci mərhələ də daxil olmaqla ildə 26 milyard kubmetr qaz və gündəlik 120 000 barel kondensat həcminə çatdırılacağı gözlənilir.

Azərbaycanın Şahdəniz-2 layihəsi çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində yatağın sualtı işlənməsi texnologiyasını tətbiq olunur və bu da BP şirkətinin bu vaxtadək operatoru olduğu ən iri sualtı infrasrukturdur.

Təxminən 28 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş bu layihə ümumilikdə planlaşdırılmış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə birləşdirilmiş iki platformadan, 500km uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Bakı yaxınlığında yerləşən Səngəçal terminalındakı əsaslı genişləndirmə işlərindən və Azərbaycan ərazisində 428 km uzunluğunda yeni boru kəmərini, Gürcüstan ərazisində 59 km uzunluğunda yeni boru kəmərini və iki yeni kompressor stansiyasını əhatə edən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsindən ibarətdir.