BMTnin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı yeni nümayəndəsi fəaliyyətə başlayıb


Siyasət 02 İyl 2018 11:35:00 282 0

BMTnin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı yeni nümayəndəsi fəaliyyətə başlayıb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycana yeni təyin olunmuş Nümayəndəsi Quido Ambroso xidməti fəaliyyətinə tanınmış yaponiyalı alim və mötəbər Nansen Qaçqın Mükafatının laureatı Doktor Akio Kanainin başçılığı ilə Azərbaycanda səfərdə olan "Fuji" humanitar missiyasının altı nəfər optometrist mütəxəssisindən ibarət heyətini qəbul etməklə başlayıb.

Son.az xəbər verir ki, BMT QAK-dan Trend-ə verilən məlumata görə, bu, "Fuji" humanitar missiyasının Azərbaycana humanitar məqsədli 14-cü səfəridir. Bu gün başlayan missiya iyulun 11-dək davam edəcək.

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi hər il qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışının həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarının dəstəyi ilə bu cür missiyalar təşkil edir. Bu il qeyd olunan humanitar fəaliyyət 3-5 iyul tarixlərdə Gəncədə, 6-7 iyul tarixlərdə Şəmkirdə, 9 iyul tarixində isə Bakı şəhərində keçiriləcək. Missiyanın sonunda heyət rəhbərlərinin yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Yaponiyanın "Fuji" humanitar missiyası Azərbaycandakı humanitar fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək 2,6 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 54 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib. Ümumilikdə, 28 mindən artıq qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insan BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin aidiyyəti hakimiyyət orqanları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. Bu il 6 gün ərzində görmə qabiliyyətinin müayinəsi və eynəklərin paylanması zamanı istifadə üçün "Fuji" humanitar missiyası BMT QAK-a 4 min eynək, eyni zamanda görmə və eşitmə ilə əlaqədar digər əşyalar ianə etmiş və 2500-dək məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanları müayinə etməyi hədəfə alıb.

Ümumiyyətlə, Tailandda Hind-Çin qaçqınları üçün humanitar fəaliyyətə başladığı 1983-cü ildən indiyədək "Fuji" humanitar missiyası Asiyanın, Avropanın və Afrikanın altı ölkəsinə qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan insanlar üçün 160 min eynək ianə edib, Azərbaycan da daxil olmaqla bu ölkələrdən dördündə BMT QAK-ın xətti ilə görmə qabiliyyətinin müayinəsi missiyalarını həyata keçirib.

Yaponiyanın "Fuji" humanitar missiyası görmə qabiliyyətinin müayinəsi üzrə yardım missiyası çərçivəsində humanitar təşəbbüsləri BMT QAK və Azərbaycan Hökuməti tərəfindən, həmçinin benefisiarlar tərəfindən daim yüksək qiymətləndirilib. Bu səylər Azərbaycanın üzləşdiyi didərginlik probleminə və BMT QAK-ın işinə anlayış və rəğbət nümayiş etdirir. Azərbaycan Hökumətinin də tövsiyə dəstəyi ilə Doktor Akio Kanai 2006-cı ildə Nansen Qaçqın Mukafatına layiq görülmüş və həmin mükafatdan əldə etdiyi vəsaiti Beyləqan rayonunda məcburi köçkün icması üçün su təchizatı layihəsinin maliyyələşdirilməsinə yönəldib.