Ermənistan müharibəyə hazırlaşır


Siyasət 02 İyl 2018 11:09:41 269 0

Ermənistan müharibəyə hazırlaşır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını Dağlıq Qarabağ münaqişəsi zonasında istənilən ssenariyə və dəyişikliklərə hazır olmağa çağırıb.

İrəvanda jurnalistlərin suallarını cavablayan N.Paşinyanın fikrincə, son günlərdə Ermənistanla Azərbaycan sərhədində də vəziyyət gərginləşib.

"Biz artıq dəfələrlə eşitmişik ki, sərhədlərimizin yaxınlığına böyük miqdarda canlı qüvvə və hərbi texnika yığılır. Azərbaycan genişmiqyaslı hərbi təlimlərə hazırlaşır. Hesab edirəm ki, silahlı qüvvələrimiz hadisələrin istənilən məcrada inkişaf ssenarilərinə hazır olmalıdır. Müvafiq əmri artıq vermişəm", - Paşinyan deyib.

Onun sözlərinə görə, "Azərbaycanın silahlı qüvvələri Ermənistan-Azərbaycan sərhədində mühəndis və mövqe möhkəmələndirmə işləri aparırlar".

Nikol Paşinyanın bu açıqlamaları onun təşvişə düşdüyünü aşkar şəkildə göstərir. Rəsmi İrəvanın narahatlığına Ermənistan Müdafiə Nazirliyinin son günlərdə "Azərbaycan sərhədə canlı qüvvə və hərbi texnika yığır" iddialarını sürəkli olaraq təkrarlayaraq refren vəziyyətinə gətirməsi də dəlalət edir.

Rəsmi İrəvan müharibəyə hazırlaşdığını vurğulayır, halbuki ermənilər anlayırlar ki, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların başlanması Ermənistan üçün fəlakətə çevriləcək.

Savaş başlarsa, Ermənistan ordusunun fiaskoya uğrayacağı, çox böyük itkilər verərək indiki mövqelərindən geri çəkilmək məcburiyyətində qalacağı şübhəsizdir. Bunun çoxsaylı səbəbləri var.

Bu günsə Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlərə 20 minədək hərbçi, 120 tank və zirehli texnika, müxtəlif kalibrli 200-dən artıq zenit-raket qurğusu, 30 təyyarə və helikopter cəlb olunub.

Təlimlər əsnasında hücum əməliyyatı təmrinləri yerinə yetiriləcək.

Ermənistanı təşvişə salan bu təlimlər və eyni zamanda iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilmiş hərbi paraddır.

Parad, əslində, işğalçı Ermənistana da aşkar mesaj oldu və İrəvanda da Bakının nə demək istədiyini anladı.

Mesaj çox sadədir: Ermənistan hazırda işğalda saxladığı Azərbaycan ərazilərini heç bir qeyd və şərt olmadan azad etməlidir.

Ermənistan siyasətini iflic duruma salan, sadəcə, Bakının yox, indiyədək "hami" və "böyük qardaş", habelə "strateji, əzəli müttəfiq" saydıqları Rusiyanın da analoji mövqe tutmasıdır.

Regionda geosiyasi situasiya tam dəyişib və indi Moskva da etiraf edir ki, Rusiyanın Cənubi Qafqazdakı yeganə müttəfiqi məhz Azərbaycandır.

Rusiya Dövlət Dumasının təhlükəsizlik məsələləri komitəsinin sədr müavini Dmitri Savelyevin dediyinə görə, Ermənistan hazırda Azərbaycanla yanaşı, Rusiya üçün də təhdiddən ibarət siyasət yürüdür. Rusiya ilə Ermənistan arasındakı münasibətləri İrəvandakı "inqilab"ın ssenari müəllifi, Nikol Paşinyanı hakimiyyətə gətirmiş ABŞ-ın Minsk Qrupunun həmsədr ölkəsi qismində davranışları, habelə Qərb ölkələrindəki erməni diasporu daha da ağırlaşdıraraq pisləşdirə bilər.

Rəsmi Moskva son 25 il ərzində ilk dəfə olaraq Ermənistana çox açıq, konkret və sərt mesaj yollayıb: "Dağlıq Qarabağ və daha 7 rayon heç bir qeyd, şərt olmadan azad edilməli, Ermənistan öz qoşunlarını həmin ərazilərdən çıxarmalıdır".

Rəsmi Moskva hesab edir ki, Nikol Paşinyan ABŞ-ın birbaşa dəstəyi və nəzarəti ilə hakimiyyətə gətiriləndən sonra Ermənistan xarici siyasətində Rusiya üçün xoşagəlməz dəyişikliklər yaşanmağa başlayıb. Ukraynanın yolunu təkrarlayan rəsmi İrəvan ABŞ və Avropa Birliyinə üz tutub, Rusiyaya arxa çevirib.

Rusiyalı ekspertlər və politoloqların fikrincə, Moskva ilə çox sıx əlaqələrə malik Ermənistan illərdi ki, Qərbi, xüsusilə də ABŞ-ı qıcıqlandırırdı. Bu səbəbdən də amerikalılar Gürcüstanda və Ukraynada uğurla sınaqdan keçirdikləri ssenarini Ermənistanda tətbiq etmək qərarına gəliblər. Beləcə, Kiyevdəki "Maydan" əməliyyatı İrəvanda təkrarlandı.

Nikol Paşinyanla dəstəsi və Qərb bunu "ermənilərin antikorrupsiya inqilabı" kimi qələmə verməyə çalışsalar da, yaşananlar trivial "narıncı inqilab" idi. Amerikalların ssenarisi Ermənistanda da gerçəkləşdi.

Rusiya gec də olsa, bir həqiqəti dərk edib: Azərbaycan həmişə və xüsusilə də indi Moskvanın bölgədəki etibarlı, dəyərli, qüdrətli, güclü və nüfuzlu tərəfdaşı, müttəfiqi və geosiyasi layihələrlə yanaşı, transmilli və regional layihələrdə tərəf-müqabilidir.

Ermənistanı da narahat edən budur.

Nikol Paşinyan bu zəlil, vətəndaşları nəyəsə ümid edərək səfillikdən qurtulmağı arzuladıqları ölkənin "müharibəyə hazırlaşdığını" fasiləsiz söyləsə də...

Elçin Alıoğlu Son.az


Xəbərə aid video