58 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək


Digərləri 02 İyl 2018 10:05:00 235 0

58 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-də Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

DİM-dən Son.az-a verilən məlumata görə, həmin gün ümumilikdə 57625 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 32795, XI sinif üzrə 24830).

Bu imtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - "İmtahana buraxılış vərəqəsi"; - şəxsiyyəti təsdiq edən sənədin əslini: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 111 imtahan binası ayrılıb.