Orxan Məmmədov: "Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin hədəfi qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir"


Digərləri 02 İyl 2018 07:41:00 292 0

Orxan Məmmədov: "Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin hədəfi qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir"

Son.az Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədovun Trend-ə müsahibəsini təqdim edir.

- Ölkə Prezidentinin son fərmanı kiçik və orta biznesin inkişafı üçün hansı yeniliklər və perspektivlər açıb?

- Məlum olduğu kimi, ötən ilin dekabrında ölkə Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. İlk növbədə ölkəmizin biznes ictimaiyyətini bu münasibətlə təbrik etmək istərdim. Bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu iqtisadi siyasətin tərkib hissəsi olaraq kiçik və orta sahibkarlığın inkişafına göstərilən qayğı və diqqətin göstəricisi kimi qiymətləndiririk.

Bu il iyunun 26-da isə Agentliyin fəaliyyətinin təmin edilməsi haqqında növbəti fərman qəbul edildi.

Bu Fərman Agentliyin fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını formalaşdırmaqla yanaşı, kiçik və orta biznes (KOB) sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq mühüm tapşırıqları əhatə edir.

Mühüm məsələlərdən biri mərkəzi və yerli icra hakimiyyəti, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquq müəyyənedici sənədlərin vahid "G2B" (dövlət-biznes) elektron reyestrinin yaradılması ilə bağlı verilən tapşırıqdır. Yaradılacaq reyester bu qurumların göstərdikləri xidmətlərin ümumi sayının və istiqamətlərinin müəyyən edilməsi, xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsi üçün istifadə olunan informasiya sistemlərinin inteqrasiyasının təmin edilməsi ilə yanaşı, eyni məzmunlu xidmətlərin aşkar edilməsi və təkrarlılığın aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, xidmətlər üzrə təhlillərin, proqnozlaşdırmanın və monitorinqlərin aparılması, sahibkarların xidmətlər haqqında ətraflı məlumat əldəetmə imkanlarının və şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək.

Reyester yaradılanadək fərmanda öz əksini tapmış 35 qurumun 100-dən artıq xidmətinin KOB evləri vasitəsilə göstərilməsi nəzərdə tutulur.

Bununla yanaşı, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması nəzərdə tutulub ki, bu da KOB-a dəstək tədbirlərinin ünvanlılığının artırılması, tənzimləmənin səmərəliliyinin yüksəldilməsi baxımından vacib addım olacaq.

Fərman KOB-ların inkişafı üçün bir sıra yeni mexanizmlərin yaradılması istiqamətində vəzifələr müəyyən edir. Bu baxımdan, KOB subyektlərinin dövlət satınalmalarında iştirak payının artırılması və iştirak mexanizminin təkmilləşdirilməsi, KOB-un inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, sahibkarların maraqlarının qorunması, KOB klasterlərinin yaradılması və fəaliyyətinin stimullaşdırılması ilə bağlı fərmanda müəyyən edilmiş konkret tapşırıqların icrası bu sektorun davamlı inkişafına əhəmiyyətli töhvə verəcək.

- Agentliyin əsas missiyası və fəaliyyət istiqamətləri nədən ibarət olacaq?

- Agentliyin fəaliyyəti kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin təşkilinə yönələcək. Bu tədbirlər, güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici bazarlara çıxış, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətləri əhatə edəcək.

Fəaliyyətimizin əsas istiqamətlərindən biri sahibkarlığın inkişafı qarşısındakı maneələrin müəyyənləşdirilməsi və bunların aradan qaldırılmasına yönəldiləcək. Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı bir tərəfdən sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən sahibkarların yaradılmış biznes mühitdə öz fəaliyyətini düzgün təşkili ilə şərtlənir. Bu çərçivədə sahibkarların bilik və bacarıqlarının inkişafına yönəlik bir sıra dəstək xarakterli tədbirlər, o cümlədən, təlim, konsaltinq və s. xidmətlərin təşkili sistemi yaradılacaq.

Fəaliyyətimizin səmərəsi KOB-un inkişafı üzrə daha əlverişli biznes mühitinin formalaşdırılması, KOB-un iqtisadiyyatdakı rolunun artırılması və təbii ki bu öncül məqsədlərə nail olmaq üçün sahibkarların qurumun fəaliyyətindən olan gözləntilərinin doğrultma səviyyəsi ilə müəyyən ediləcək. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün işimizi aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və sahibkarların ictimai birlikləri ilə sıx əməkdaşlıq şəraitində qurmaq niyyətindəyik.

Hədəfimiz qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir.

- Agentlik ölkədə KOB üzrə dövlət qurumlarının və özəl qurumların xidmətlərini əlaqələndirən səlahiyyətli qurum olaraq müəyyən edilib. Bunu hansı vasitə və mexanizmlərlə reallaşdıracaqsınız?

- Qeyd etmək lazımdır ki, Agentlik sahibkarları dəstəkləyən, onlara bir sıra xidmətlər göstərən, dövlət orqanlarının və təşkilatlarının bu sahədə göstərdikləri xidmətlərin bir məkanda - "Kiçik və Orta Biznes Evləri"ndə təşkilini, əlaqələndirilməsini, qiymətləndirilməsini və tənzimlənməsini səlahiyyətli qurum kimi həyata keçirəcək. KOB evləri vasitəsilə, bir tərəfdən sahibkarların fəaliyyətini tənzimləyən dövlət qurumları ilə sıx əməkdaşlıq əsasında bu prosesin səmərəliliyi təhlil olunacaq, zəruri təkmilləşdirmə işləri aparılacaq, bütün prosedur və hüquq müəyyənedici sənədlərin verilməsinin "bir məkan" prinsipi əsasında təşkili həyata keçiriləcək, digər tərəfdən isə sahibkarlara dəstək tədbirləri (maliyyəyə çıxış, konsaltinq, təlim, hüquqi xidmətlər və s.) spektrinin təqdim edilməsi nəzərdə tutulur.

Bununla yanaşı qeyd etmək lazımdır ki, yeni Fərmanda KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Agentlik yanında aidiyyatı dövlət qurumlarının nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması nəzərdə tutulub.