Qarabağ atları ilə bağlı sevindirici xəbər FOTO


Digərləri 30 İyn 2018 23:29:00 403 0

Qarabağ atları ilə bağlı sevindirici xəbər  FOTO

Tarixən Azərbaycanın fəxrinə çevrilən, ona şöhrət qazandıran milli sərvətlərdən biri də Qarabağ atları olub. Qarabağ atları haqqında məlumatlarla tanış olanda görürük ki, bu növ Qafqazda və Asiyada ən qədim at cinsi hesab edilir.

XVII-XVIII əsrlərdə bu at cinsi Qarabağ xanlığında daha da təkmilləşdirilib. Bu cinsdən olan atlar, hətta Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılıb. Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur.

Qarabağ atları beynəlxalq cıdır yarışlarında da bir çox uğurlara imza atmaqla Azərbaycanı dünyaya tanıdıb. Qarabağ atlarından ən qiymətli hədiyyə kimi istifadə olunduğu da məlumdur. SSRİ dövlət başçısı Nikita Xruşşov İngiltərə kraliçasına məhz Qarabağ atı bağışlayıb.

Çevik, iti qaçışlı, dağ minik at cinsi olduğundan Qarabağ atlarından hələ lap qədim zamanlardan hərbi məqsədlər üçün də istifadə edilib. Sonralar rus süvari qoşunlarında, və yaxın Qarabağ döyüşlərində də igidlərimizin yardımına çatıb. Qarabağ döyüşlərində dağlıq mövqelərə silah-sursat daşımaq üçün atlardan istifadə edilib.

Qarabağ müharibəsindən sonra qarabağlılar kimi Qarabağ atlarının da həyatı təhlükə ilə üz-üzə qalıb. Ağdam işğal olunanda atçılıq zavodu üçün də böyük təhlükə yaranıb. Lakin vaxtında görülən tədbirlər sayəsində atları vaxtında köçürmək mümkün olub. Atlar əvvəlcə Yevlax rayonu ərazisində məskunlaşdırılsa da, əlverişli şərait olmadığına görə sonralar Ağcabədi rayonuna köçürülüb.

Talellərinə didərginlik yazılmış Qarabağ atları illərlə köhnə, uçuq-salxaq tövlələrdə saxlanılıb. İllərlə diqqət və qayğından kənarda qalıblar. Ancaq sevindirici haldır ki, Qarabağ atlarının əvvəlki şöhrətini yenidən qaytarmaq istiqamətində işlər görülməyə başlayıb.

Belə ki, kənd təsərrüfatı naziri İnam Kərimov təyinat aldığı bu qısa müddət ərzində iki dəfə Ağdam Atçılıq Zavodu üçün inşa olunan tikintiyə baş çəkib. Azərbaycan Atçılıq Federasiyasının prezidenti general mayor, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də işlərin gedişatı ilə yaxından tanış olmaq məqsədilə ərazidə olub.


Xəbərə aid fotolar