Qoşqar Təhməzli: "Qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması sahibkarlığın inkişafına təkan verir"


Sosial 30 İyn 2018 18:19:04 314 0

Qoşqar Təhməzli: "Qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması sahibkarlığın inkişafına təkan verir"

AQTA sədri Sumqayıtda sahibkarlarla görüşüb

Bu gün Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin inzibati binasında qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.

Agentlikdən "Report"a verilən məlumata görə, görüşdə çıxış edən sədr bildirilib ki, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması sahibkarlığın inkişafına təkan verməkdədir.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstəyin göstəriləcəyini bildirən Q. Təhməzli agentliyin mütəxəssisləri tərəfindən sahibkarlara fəaliyyətlərini təkmilləşdirərək müasir standartlara uyğun, peşəkar səviyyədə həyata keçirmələri üçün lazım olan bütün köməkliklərin göstəriləcəyini, mütəmadi olaraq onlara metodiki tövsiyyələrin veriləcəyini diqqətə çatdırıb.

Görüşdə eyni zamanda, sahibkarlıq subyektlərində həyata keçirilən monitorinqlər haqqında məlumat verilib və xatırladılıb ki, iyulun 2-dən etibarən qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılmasına başlanılacaq.

Sonda qida sahəsində fəaliyyət göstərən yerli sahibkarlar onları narahat edən məsələlər barədə məlumat verib, öz fikir və təkliflərini diqqətə çatdırıblar.