Azərbaycanın mədəni irsinin müasir kökləri sürətlə rişələnir


İdman 30 İyn 2018 15:10:00 345 0

Azərbaycanın mədəni irsinin müasir kökləri sürətlə rişələnir

Ölkəmizin  Konstitusiyasında qeyd edilir: “Azərbaycan dövləti mədəniyyət, təhsil, səhiyyə, elm, incəsənətin inkişafına yardım göstərir, təbiət, tarix, xalqın ruhi və maddi irsini qoruyur... Hər kəs mədəni həyatda iştirak, mədəni müəssisə və mədəni dəyərlərdən istifadə hüququna malikdir... Hər kəs yaradıcılıq azadlığına malikdir. Dövlət ədəbi-bədii, elmi-texniki və digər yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir”. 

Layihənin istiqaməti: “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”

Uzunmüddətli inkişaf nəticəsində Azərbaycanda mədəniyyət sisteminin təhsil, elm və incəsənət, hüquqi, idarəetmə, informasiya, beynəlxalq və digər sosial institutlarının şaxələnmiş şəbəkəsi yaradılmışdır. 2000-ci ildə respublikada 22 teatr, 4406 kitabxana, 13 konsert zalı, 133 dövlət muzeyi, 26 bədii qalereya, 70 mədəniyyət və istirahət parkı, 3022 klub, mədəniyyət evi və saray, eləcə də onlarla elmi müəssisə və ali təhsil müəssisələri fəaliyyət göstərirdi. Poliqrafiya müəssisələri və kitab ticarəti, eləcə də xalq sənəti məhsulları ticarəti, rəssamlıq və bədii dizayn, əntiq mallar ticarəti genişlənir. Muzey, kitabxana və bərpa işində yeni texnologiyalara tədrici keçid həyata keçirilir. Avropa Şurası Mədəniyyət komitəsi və YUNESKO ilə əməkdaşlıq edilir. 2000-ci ildə Mədəniyyət Nazirliyində mədəni siyasət şöbəsinin yaradılması tərəqqipərvər hadisə oldu. Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə TÜRKSOY Beynəlxalq mədəniyyət təşkilatı yaradılıb, fəaliyyət göstərir. MDB ölkələrində yeni mədəni mərkəzlər yaradılır və buradakı mövcud azərbaycan diasporaları ilə mədəni əlaqələr inkişaf edir. İncəsənət sahəsinin sosial müdafiəsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin bir sıra sərəncamları ilə yanaşı, 1997-1998-ci illərdə incəsənət xadimləri və onların kollektivlərinə, gənc istedadlara və təqaüdçülərə xüsusi təqaüd və pensiyaların verilməsi qərara alınmış, dövlət mükafatlarının yeni sistemi tətbiq edilmişdir. Təhsil, hüquqi və sosial sistemlər, idarəetmə, iqtisadiyyat, səhiyyə və maddi, eləcə də ruhi mədəniyyətin digər sahələrində islahatlar keçirilir. 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının yaradılması Azərbaycanda idarəetmənin, eləcə də siyasi və iqtisadi mədəniyyətin inkişafı üçün mühüm əhəmiyyət daşımışdır. Müasir Azərbaycanın intellektual mədəniyyəti inkişafının ən böyük nailiyyəti 2001-ci ildə bir qrup istedadlı azərbaycan alimlərinin Milli Elmlər Akademiyasının həqiqi üzvü və müxbir üzvü seçilməsi oldu. 

Dövlətin müasir mədəni siyasətində ən mühüm yeri azərbaycan xalqının mədəni irsinin qorunması və yayılması ilə bağlı fəaliyyət tutur. Azərbaycanda və Gürcüstanda azərbaycan mədəniyyətinin görkəmli xadimlərindən – Üzeyir Hacıbəyov, Səməd Vurğun, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Bül-bül, Cəlil Məmmədquluzadə, Niyazi, Hüseyn Cavid, Mirzə Fətəli Axundovun ev -muzeyləri təşkil edilmiş və fəaliyyət göstərir. Son 13 ildə keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlər içərisində görkəmli azərbaycan mütəfəkkir və şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin Fransa, Türkiyə, Rusiya, İrak və İranda keçirilməsi oldu. Görkəmli azərbaycan bəstəkarı Qara Qarayevin, dünya şöhrətli müğənnilər Bülbül və Rəşid Behbudovun yubileylərinə həsr olunmuş və müxtəlif ölkələrdə keçirilən bayram tədbirləri milli mədəniyyət tarixinə parlaq səhifələr yazdı. Azərbaycan milli eposu olan Dədə Qorqudun 1300 illik yubileyinin YUNESKO-nun rəhbərliyi altında keçirilməsi möhtəşəm hadisə oldu. Fiziki mədəniyyət, idman və turizmin inkişafı üzrə Bakıda və Azərbaycan regionlarında olimpiya komplekslərinin yaradılması, gənclər üçün yeni mərkəzlərin tikintisi və mədəni abidələrin bərpası sahəsində fəal tədbirlər həyata keçirilir. 

Sovet dövründən qalma yaradıcı ittifaq və birliklərin dövlət strukturları ilə yanaşı, bu gün Azərbaycanda ruhi mədəniyyətin inkişafına istiqamətlənmiş onlarla assosiasiya, fond, mədəni mərkəz və digər qeyri-hökumət təşkilatları ictimai-faydalı fəaliyyətlə məşğuldur.

Bizim günlərdə “Kiçik QalArt” sərgi salonunda gənc və istedadlı yaradıcı gənclərin fərdi sərgiləri keçirilir. Bu istedadlardan biri də  rəssam  Aida  Mahmudovadır. Onun fərdi sərgisinin açılış mərasimində  Heydər Əliyev Fondunun  prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da iştirak edirdi.  “Daxili sakitlik” adlı  sərgidə nümayiş etdirilən əsərlər  tamaşaçıda həqiqətən daxili  bir rahatlıq  yaradırdı.

Aida xanım rəngkarlıq sənətinin bütün incəliklərindən  məharətlə istifadə  edərək əsərlərində Qərblə  Şərqin sintezini yaratmışdır. Gənc rəssam öz yaradıcılığında hansısa müəyyən bağlılıqdan daha çox həmin məkanla əlaqəli xatirələri qabardan Vətən həsrəti mövzusunu araşdırır. Bu əsərlərdə Abşeronun, Bakının məxsusi gözəlliyi rənglərin dili ilə ustalıqla təsvir olunmuşdur. Onlarda həyatın təzadları, incəlikləri sənətkar təxəyyülünün məhsulu kimi təqdim olunur.  Nümayiş olunan əsərlərdə tamaşaçı daxili bir rahatlıq tapır və rənglərdən yaranan təzadlı dünyanın gözəlliyindən həzz alır. Bu əsərlər mənəvi dünyamızın gözəlliklərini, görünməyən məqamları ustalıqla açır. Aida xanım rəssam olmaqla yanaşı, bacarıqlı təşkilatçıdır.

Onun 2011-ci ildə  qurduğu YARAT qeyri-kommersiya təşkilatı fəaliyyət göstərdiyi qısa dövrdə müasir incəsənətə göstərdiyi yeni yanaşma tərzi, gənclərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, ideya və fikirlərini sərbəst şəkildə yaratdıqları sənət əsərləri ilə tamaşaçılara təqdim etmələri baxımından seçilməkdədir. YARAT müasir incəsənət məkanı gənc və istedadlı şəxslərin yaradıcılıq qabiliyyətlərinə daha da stimul verməklə yanaşı, onların motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılmasını qarşısına məqsəd qoyub. Müasir incəsənət məkanı həm ölkəmizdə, həm də xaricdə gənclərin peşəkar surətdə irəli çəkilməsi və inkişafına xidmət edir.  “YARAT”ın qarşısına qoyduğu missiyalar arasında  incəsənətə yeni nəfəs və baxış tərzi gətirən gənclərin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılması, incəsənət institutlarının tələbə və məzunlarına “ARTIM Young Artists Project” adlı layihə vasitəsi ilə dəstək verməsi mühüm önəm kəsb edir. “YARAT” həmçinin müxtəlif mədəniyyətlər və incəsənət institusiyaları arasında dialoq, mübadilə və körpu yaradılmasını vacib amil sayır. YARAT  rəssamlara, ümumiyyətlə incəsənəti özünün peşəsi və  həyat tərzi hesab edən gənclərə təkcə yaradıcılıqlarını təqdim etməyə imkan yaratmır, həmçinin onların sənətlə bağlı bilik və yaradıcılıq təcrübələrinin artması üçün  müasir incəsənətlə bağlı mühazirələr, seminarlar və master-klaslar təşkil edir.

“YARAT”ın ictimaiyyətə təqdim olunan “Ön söz” adlı ilk sərgisi təşkilatın ideya və məqsədlərini elə ilk gündən bəyan etməklə, bu qurumun Azərbaycanın müasir incəsənətinin inkişafına və formalaşmasına müsbət təkan verməyə qadir olduğunu sübut etdi. “YARAT”ın indiyə kimi təqdim etdiyi əsərlər incəsənətin, müasir zəmanəmizin əsas və  vacib aspektlərinə toxunur, eyni zamanda öz aktuallığına və düşündürücü ideyasına görə fərqlənir.  Təşkilatın həyata keçirdiyi art-layihələr, sənət əsərləri  arasında  ekoloji və sosial xarakter daşıyan işlərə də rast gəlmək mümkündür.

“YARAT” müasir incəsənət məkanı” müasir Azərbaycan incəsənətinin peşəkar səviyyədə dəstəklənməsinə, Azərbaycanda və xaricdə respublika rəssamlarının təbliğinə yönəldilmiş sərgilər, festivallar, seminarlar, master-klaslar və müxtəlif təlim-tədris tədbirləri keçirməklə, müasir incəsənət nümunələrini gənclərin gözü ilə ictimaiyyətə təqdim edir.

“YARAT” müasir Azərbaycan incəsənətini fəaliyyətində təcəssüm etdirməklə  yanaşı, dünyada mədəniyyətdə və incəsənətdə gedən ən mühüm yenilik və dəyişikliklərə də açıqdır. O, bəşəriyyəti narahat edən qlobal problemlərə də biganə qalmır, onları incəsənətin gücü ilə təqdim edir. Ötən il sentyabrın 21-də - Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü–“Yığ. Təmizlə. Fərqi Hiss Et!” şüarı altında Mərdəkan çimərliyində təşkil olunan təşəbbüs, könüllülərin sahilyanı ərazini zibil və məişət tullantılardan təmizləmələri aksiyasında “YARAT”ın rəssamı Səbinə Şıxlinskayanın “Save the Earth” (“Dünyanı qoru”) adlı işinin təqdim edilməsi buna nümunədir. Nümayiş olunan əsərdə adi sərnişin avtobusu plastik butulka toplayan hərəkətli konteynerə çevrilib.

“YARAT”ın təkcə ölkəmizdə deyil, xarici ölkələrdə təşkil edilən sərgi və layihələri əcnəbi incəsənətsevərlər tərəfindən də maraqla qarşılanır. Parisdə  fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət Evində  nümayiş olunmuş “Home sweet home” sərgisi təqdim olunan əsərlərin məzmun çalarına və rəngarəngliyinə görə seçilirdi. İncəsənətin digər sahəsi olan kino da “YARAT” Müasir İncəsənət Mərkəzinin diqqətindədir. Belə ki, onun təşkilatçılığı ilə “Future Shorts” festivalların proqramları Azərbaycanın gənc kinosevərlərinə mütəmadi olaraq təqdim edilir.

N.NOVRUZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir