FIFA ittihamlara cavab verdi


İdman 30 İyn 2018 14:18:00 270 0

FIFA ittihamlara cavab verdi

FİFA DÇ-2018-də Yaponiyanın fair-play qaydalarına əsasən növbəti mərhələyə adlamasına görə quruma yönələn tənqidlərə cavab verib.

Goal.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Yarışların Təşkili və Keçirilməsi Departamentinin direktoru Kolin Smit bunun dürüst və çox sadə bir meyar olduğunu söyləyib:

"Bu, ilk dünya çempionatıdır ki, biz burada ədalətli oyun prinsipləri ilə müəyyənləşdirilən əlavə qaydalar tətbiq etdik. Məsələni püşkatmaya qədər uzatmaq istəmədik. Ona görə də belə bir meyar əlavə etdik. Bu maddənin necə işlədiyini görəcəyik. Hələlik bunun dəyişdirilməli olduğunu hesab etmirik. Bu, əlavə və çox sadə meyardır. Biz ədalətli futbol prinsiplərini təbliğ edirik və haqlı olaraq bu qaydanı əlavə etmişik".

FİFA rəsmisi G qrupunda yer alan Belçika və İngiltərə millilərinin 1/4 final mərhələsində Braziliya ilə qarşılaşmamaq üçün öz aralarındakı oyundan əvvəl qrup birincisi olmaq istəməmələri ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib: "Hər bir oyun qələbə qazanmaq istəyən iki komandanın meydanda mübarizəsidir. Ancaq onlardan biri ya udur, ya uduzur, ya da oyun heç-heçə başa çatır. İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt müsahibəsində bu məsələyə ən dəqiq şərhi verib. O bildirib ki, əgər Belçika qələbə qazanmaq istəmirdisə, yəqin, qolu vuran futbolçuya bu barədə heç nə deyilməyib".

Kolin Smit Yaponiya - Polşa oyununun son dəqiqələrində asiyalıların meydanın özlərinə aid hissəsində paslaşması və avropalıların ədalətli idman prinsiplərini pozaraq topu almağa cəhd etməməsi barədə də danışıb: "Yaponiya - Polşa matçının son dəqiqələrində yaşananlar ayrıca bir tarixdir. Bizim mövqeyimiz belədir: futbol azarkeşlər üçün oynanılır. Tərəfdarlar gərgin oyun görmək istəyirlər. Düşünürəm ki, elə o cür də futbol izlədilər".