Bakıdakı hərbi parad Ermənistana müharibə yox, sülh çağırışı idi


Siyasət 30 İyn 2018 07:00:00 356 0

Bakıdakı hərbi parad Ermənistana müharibə yox, sülh çağırışı idi

"Bakıda keçirilən son hərbi parad, orada ən müasir silah və texnikaların nümayiş etdirilməsi və Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, Ermənistan üçün müharibə yox, bir sülh çağırışı idi". 

Bunu Son.az-a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov Azərbaycan Ordusunun 100 iliyinə həsr olunmuş hərbi paradı və paradda Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirləri dəyərləndirərkən bildirib.

Azərbaycan ordusu möcüzələr yarada bilər - Polkovnik Manuxin  Ekspertin sözlərinə görə, bu parad göstərdi ki, Azərbaycan Silahlı qüvvələri dünyada ən güclülərdən biridir: "Bakıda iyunun 26-da keçirilmiş hərbi paradda Prezident İlham Əliyev tərəfindən bir neçə önəmli mesajlar verildi. Əvvəla, hərbi paradda Azərbaycanın hərbi gücü nümayiş olundu. Biz gördük ki, Azərbaycan necə peşəkar hərbi kadrlara, ən müasir silah və texnikalara malikdir. Prezident isə çıxışında qonşu dövlətlərə və dünyaya bir sıra mesajlar verdi ki, Azərbaycan getdikcə inkişaf edir və onun bütün çağırışlara cavab verə bilən qüdrətli, güclü ordusu var. Azərbaycan ordusu müharibə şəraitində formalaşıb, döyüş təcrübəsi qazanıb və indi də yüksək səviyyədə keçirilən təlimlərlə döyüş hazırlığını artırır. Alınan yeni silah və texnikalar isə onun gücünü daha da artırır.

Bundan əlavə, artıq Azərbaycan ordusunda hərbçilər yalnız öz işlərinə kökləniblər, daha təsərrüfat işləri ilə məşğul deyillər. Onu da qeyd etmək lazımdır ki, bir sıra ölkələrlə müqayisədə Azərbaycan ordusunda nizam-intizam, hərbi qulluqçular arasında münasibətlər nizamnaməyə uyğun qurulub və Ermənistanda olduğu kimi, bizdə "dedovşina" yoxdur. 

Paradda nümayiş olunan yeni silah və texnikalar, xüsusən raket, artilleriya və aviasiya vasitələri sübut etdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğal etmiş Erməistanın istənilən hərbi obyektini, texnikasını və canlı qüvvəsini məhv etməyə qadirdir".

Hərbi parad Azərbaycan Ordusunun hazırkı gücünün göstəricisi oldu E.Ələsgərov qeyd edib ki, Bakının bu mesajından düzgün nəticə çıxarmasalar, paraddakı silah və texnikanın gücü döyüş şəraitində də nümayiş olunacaq: "Prezident İlham Əliyevin çıxışında əsas hədəf məhz Ermənistan idi. Lakin bir daha qeyd etmək lazımdır ki, parad özü hərbi tədbir olsa da, əslində o, müharibə yox, sülh mesajı idi. Bu, Ermənistana çağırış idi. Ermənistanda anlamalıdırlar ki, əgər onlar bu silah və texnikanın onların üzərində tətbiq olunmasını, sarsıdıcı zərbələr almalarını istəmirlərsə, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlara getməli, konstruktiv mövqe nümayiş etdirməli, işğal etdikləri ərazilərimizdən ordularını çıxarmalıdırlar. Yəni Ermənistana mesaj göndərildi ki, Azərbaycan sülh istəyir. Lakin əgər normal və düzgün mövqe ortaya qoyulmasa, bu silah və texnikalar paraddakı nümayişdən cəbhədə döyüş vəziyyətinə keçirilə bilər. Hətta bəzi erməni ekspertləri də bu fikirlə razıdırlar. Onların sözlərinə görə, Azərbaycanın siyasi və hərbi rəhbərliyi bu vaxta kimi nə deyib və vəd edibsə, hamısını həyata keçirib. Ona görə də, Bakıda səslənən mesajlar və xəbərdarlıqlar nəzərə alınmasa, onlar da bir vaxt eləcə həyata keçirilə bilər".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət